Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən “Yaşıl gənclik: Dayanıqlı İnkişaf Məqsədlərinə doğru” yay məktəbi davam edir.
AZƏRTAC-in bölgə müxbiri xəbər verir ki, yay məktəbinin üçüncü günü ilk təlim ADAU-nun Keyfiyyət təminatı və strateji inkişaf şöbəsinin müdiri Mədinə Abışova tərəfindən “Biomüxtəliflik və ekoloji tarazlıq” mövzusunda keçirilib. Təlimdə iştirakçılara bioloji müxtəlifliyin qorunması, ekosistemlərin davamlılığı və yerli flora-fauna növlərinin əhəmiyyəti barədə geniş məlumat verilib.
Daha sonra Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov “Gənclərin cəmiyyətə inteqrasiyası və urbanizasiya prosesi: universitetlərin rolu” mövzusunda məruzə edərək tələbələri şəhərləşmə tendensiyaları, gənclərin sosial fəallığı və ali təhsil ocaqlarının bu prosesdəki məsuliyyətləri barədə maarifləndirib.
Günün ikinci yarısında yay məktəbinin iştirakçıları Göygöl Milli Parkında olublar. Onlar gölün hidrobioloji resursları və ətraf mühitin qorunması sahəsində həyata keçirilən tədbirlər barədə məlumatlandırılıb. Qonaqlar Göygöl və Maralgölün unikal mənzərələrini seyr ediblər.
Səfərdən sonra iştirakçılara Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin fəaliyyət istiqamətləri, üzvlük imkanları və qurumun dayanıqlı inkişaf layihələri barədə məlumat verilib.