Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tərəfindən Peşə Təmayüllü Siniflərdə (PTS) hazırlanmış tədris proqramlarının yenilənməsi məqsədilə “dəyirmi masa” müzakirələri təşkil olunub.
Təhsil İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, 23 iyulda “Mebel quraşdırma usta köməkçisi”, 24 iyulda “Estetika və mədəni özünüifadə”, 26 iyulda isə “Kombi kondisioner usta köməkçisi” ixtisası üzrə proqramların müzakirəsi aparılıb. Görüşlərdə proqramların məzmunu, əmək bazarının tələblərinə uyğunluğu və praktiki bacarıqların inkişafı istiqamətində fikir mübadiləsi həyata keçirilib.
Müzakirələrdə ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöbəsinin əməkdaşları, proqramları hazırlayan işçi qrupu və ekspertlər iştirak ediblər.
Qeyd edək ki, proqramlar Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) tərəfindən hazırlanmış, Elm və Təhsil Nazirliyi tərəfindən təstiq edilmiş Təhsil proqramlarına (kurikuluma), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Peşə və Kvalifikasiya Standartlarının Reyestrinə əsaslanır. Proqramlar Azərbaycan Ömürboyu Təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin səviyyə deskriptorlarına uyğun şəkildə 3 səviyyəyə uyğun olaraq hazırlanıb.
Müzakirələrin keçirilməsində əsas məqsəd yenilənən proqramlardakı təlim nəticələrinə daxil olan nəzəri bilik və praktiki səriştələrə ayrılan mövzular, onlara verilən saatlar, maddi-texniki baza və təhlükəsizlik aspektlərinin ardıcıllığı və uyğunluğudur.
Müzakirələr zamanı dəvət olunan ekspertlər görüş zamanı “Mebel quraşdırma usta köməkçisi” ixtisasında Fuad Cəbrayılov, “Estetika və mədəni özünüifadə” ixtisası üzrə Günel İbrahimli, Nərmin Qarayeva, “Kombi kondisioner usta köməkçisi” ixtisası üzrə Elçin Əliyev və Cəfərov Yusif öz rəy və təkliflərini bildiriblər.