Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Çində təlim-məşq toplanışı çərçivəsində “Kəmər və yol” beynəlxalq turnirinə qatılıb. Yığmamız Sincan-Uyğur Muxtar Rayonunda 19 ölkənin iştirakı ilə baş tutan yarışı 4 medalla başa vurub.
TƏHSİL.BİZ xəbər verir ki, millimizi 63 kq çəki dərəcəsində təmsil edən Naxçıvan boks məktəbinin yetirməsi Haqverdi Həsənov finalda qazaxıstanlı rəqibinə qalib gələrək qızıl medala sahib çıxıb. Digər təmsilçilərimizdən Səftər Məmmədzadə (+80 kq) gümüş, Raul Heydərli (57 kq) və Adil Zalov (70 kq) bürünc medal qazanıblar.
Xatırladaq ki, məşqçi Elnur Kərimlinin yetirməsi olan Haqverdi Həsənov yeniyetmələr arasında Avropa üçüncüsü, Azərbaycan çempionu, müxtəlif beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır.