Logo

Kimyaçı alimlərin yeni dərs vəsaiti nəşr edilib

29.07.2025 15:55 49 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru professor Əfsun Sucayevin, Azərbaycan Texniki Universitetin Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının professoru Güləhməd Talıbov və Gəncə Dövlət Universitetinin Kimya kafedrasının müdiri dosent Aynur Məmmədova ilə birlikdə “Zərif üzvi sintez” adlı dərs vəsaiti “Elm” nəşriyyatında çapdan çıxıb.

Aşqarlar Kimyası İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən TƏHSİL.BİZ -ə verilən məlumatına görə, akademik Vaqif Fərzəliyevin elmi redaktorluğu ilə nəşr olunan kitab Gəncə Dövlət Universiteti Elmi şurasının qərarı ilə çapa tövsiyə edilib.

Kitabda zərif üzvi sintezin ümumi metodologiyası, strategiya və taktikası, mono- və polifunksional birləşmələrin sintezinin retrosintetik planlaşdırılması qaydaları və onların dərman, ətirli, qida və dad verən birləşmələri, bitkilərin mühafizəsi vasitələri, feromonlar, boyaqlar və flotomaterialların sintezinin konkret nümunələrində tətbiqi verilir.

Bundan başqa, zərif üzvi sintez istiqamətini əhatə edən kondensləşmə, qruplaşma, çoxkomponentli reaksiyalar, ayrı-ayrı sinif birləşmələrin sintezi və qiymətli məhsullara çevrilmə reaksiyaları ümumiləşdirilmiş formada kitaba daxil edilib.

Bu vəsaitdən ali təhsil müəssisələrinin bakalavriat, magistratura səviyyələrində təhsil alan tələbələr, habelə üzvi kimya, zərif üzvi sintez, bioüzvi kimya, əczaçılıq kimyası istiqamətlərində dərinləşdirilmiş elmi tədqiqat aparan doktorant, dissertant və digər elmi işçilər istifadə edə bilərlər.

 

Xəbər lenti