Logo

“Tarixi yerlər və abidələr” mövzusunda V Beynəlxalq Bakı – Bayırşəhər Simpoziumu keçirilir

30.07.2025 17:46 51 baxış
IMG

İyulun 30-da görkəmli alim, AMEA-nın müxbir üzvü Vəli Əliyevin xatirəsinə həsr olunan “Tarixi yerlər və abidələr” mövzusunda V Beynəlxalq Bakı–Bayırşəhər Simpoziumu işə başlayıb.

Simpozium Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən təşkil olunub.

Akademiyadan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Azərbaycanın qədim şəhərsalma mədəniyyəti, arxeoloji abidələri, eləcə də tarixi irsin qorunması ilə bağlı məsələlərin müzakirəsinə həsr olunan simpoziumun elmi əhəmiyyətini qeyd edib. Bildirib ki, beynəlxalq tədbir elm adamlarını bir araya gətirərək Azərbaycanın mədəni irsinin qorunması sahəsində fikir mübadiləsi aparmaq üçün mühüm platformadır. Həmçinin elmi əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açır.

Akademik İsa Həbibbəyli simpoziumun Azərbaycan arxeologiyasında elmi məktəb yaratmış alimlərdən olan AMEA-nın müxbir üzvü Vəli Əliyevin xatirəsinə həsr olunmasının xüsusi önəm daşıdığını vurğulayıb. O, Vəli Əliyevin elmi fəaliyyətindən, ölkəmizdə tarix və arxeologiya elminin inkişafındakı xidmətlərindən danışıb.

AMEA prezidenti Qarabağ, Naxçıvan, Beşbarmaq dağı, Naftalan şəhəri, Goranboy rayonu və Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında Arxeologiya və Antropologiya İnstitutu tərəfindən aparılan arxeoloji qazıntı işləri ilə yerində tanış olduğunu, tədqiqat işlərinin gedişi, aşkarlanmış memarlıq qalıqları və arxeoloji materiallara yaxından baxış keçirdiyini bildirib.

Akademik İsa Həbibbəyli bu yaxınlarda Bakının “Bayırşəhər” adlanan tarixi hissəsində azərbaycanlıların yaşadığı məhəllədə XIX əsrdə tikilmiş Zərgərpalan hamamı kimi tanınan tarixi abidənin konservasiya işlərindən sonra açılışının olduğunu söyləyib. Zərgərpalan hamamının tarixi-mədəni sərvətimizin bir parçası olduğunu deyən alim Bakının mərkəzində bu cür arxeoloji mədəniyyət abidəsinin yenidən həyata qaytarılmasının tariximizə sahib çıxmaq baxımından olduqca önəmli olduğunu qeyd edib. Vurğulayıb ki, ölkəmizin tarixini, memarlığını, mədəniyyətini əks etdirən arxeoloji nümunələrin bərpa olunaraq həyata qaytarılması onların yeni nəsillərə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Çıxışının sonunda AMEA rəhbəri beynəlxalq simpoziumun məhsuldar keçəcəyinə və faydalı nəticələrlə yadda qalacağına inamını ifadə edib.

Daha sonra “Miras” İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli AMEA-nın müxbir üzvü Vəli Əliyevin həyat və fəaliyyətinə dair geniş məruzə ilə çıxış edib.

Məruzəçi diqqətə çatdırıb ki, AMEA-nın müxbir üzvü Vəli Əliyev Azərbaycanın tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın müəllifi olub. Onun “Azərbaycanın Tunc dövrü boyalı qablar mədəniyyəti”, “Qədim Naxçıvan”, “Ağsunun tarixi səhifələri”, “Naxçıvan Azərbaycanın tarixi diyarıdır”. “Gəmiqaya”, “Naxçıvanın Qədim qala şəhərləri”, “Qədim Qarabağ” kitabları və digər əsərləri elmi ictimaiyyətin rəğbətini qazanıb.

“Azərbaycanın erkən şəhər mədəniyyət abidələrinin tədqiqi Vəli Əliyevin adı ilə bağlı idi”, - deyən məruzəçi qeyd edib ki, alim Naxçıvandakı İkinci Kültəpə, Oğlanqala, Şahtaxtı-Govurqala, Qazançı qalası, Gilan-Plovtəpə ilkin şəhər mərkəzlərində, Naxçıvan şəhərinin Tunc dövrü nekropolunda, Çalxanqala, Vayxır-Govurqala, Əznəburd və digər qədim qala-şəhər abidələrində müdafiə istehkamlarında apardığı arxeoloji tədqiqatlar əsasında Azərbaycanda eramızdan əvvəl III-II minilliklərdə iri tayfa ittifaqlarına - erkən dövlət qurumlarına məxsus qədim şəhər mərkəzlərinin yarandığını sübut edib.

Tədbir işini Bakının Bayırşəhər ərazisində yerləşən Zərgərpalan hamamı tarixi abidəsində bölmə iclasları ilə davam etdirib.

İclaslarda “Azərbaycan arxeologiyası və Vəli Əliyevin tədqiqatlarında Qarabağ mövzusu”, “Təbrizdə yaşayan daş yaddaşı”, “Kərkükdə tarixi Osmanlı abidələri”, “Azərbaycan epiqrafik abidələri arasında hamamların rolu”, “Göl Yeri yaşayış yerinin dəfn adətləri” və digər mövzularda məruzələr dinlənilib.

Beynəlxalq tədbir iyulun 31-də başa çatacaq.

Xəbər lenti