Logo

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçimi başlayır

24.07.2025 15:23 97 baxış
IMG

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “ORT İsrail” Məktəblər Şəbəkəsinin birgə əməkdaşlığı ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İnnovativ məktəb” layihəsinin 2025-2026-cı tədris ili üçün məktəb seçimi prosesinə start verilir.

TƏHSİL.BİZ  xəbər verir ki, layihənin məqsədi seçilmiş ümumi təhsil müəssisələrində müasir təhsil və tədris yanaşmalarını tətbiq etməklə STEAM fənlərinin inteqrasiyası təmin etmək, eləcə də təhsil liderliyinin inkişafı və tədris idarəçiliyində yeniliklərin tətbiqi ilə 21-ci əsr məktəb modelini formalaşdırmaqdır.

Layihəyə yeni məktəblərin qoşulması üçün seçim prosesi 2 mərhələdə həyata keçiriləcək: ilkin mərhələdə məktəblər müraciət formasını dolduraraq müraciət edəcək, daha sonra uyğun məktəblərin rəhbər heyəti üçün müsahibələr təşkil olunacaq.

Layihə çərçivəsində iştirakçıların bilik və təcrübələrinin artırılması məqsədilə xaricdə təlim səfərlərinin təşkili nəzərdə tutulub.

Müraciət üçün meyarlar:

  • Şagird sayı 500-2000 aralığında olmalı
  • Məktəbdə STEAM, Rəqəmsal Bacarıqlar və Peşə Təmayüllü siniflər layihələrindən ən azı ikisi həyata keçirilməli
  • Texniki fənlər (fizika, riyaziyyat, kimya, informatika və s.) üzrə gənc, təşəbbüskar və aktiv müəllim heyəti olmalı
  • Direktor və idarəetmə komandası inkişafa açıq, fəal, layihədə iştirak etməyə motivasiyalı olmalı

Layihədə iştirak edən məktəblər nə əldə edəcək?

  • Direktor və rəhbərlik komandası üçün təhsil liderliyi və innovativ idarəçilik mövzusunda beynəlxalq təlimlər
  • Direktorlar üçün mentorluq dəstəyi
  • STEAM və texniki fənlər üzrə praktiki yönümlü yanaşmaların tətbiqi
  • Digər innovativ məktəblərlə şəbəkələşmə və qarşılıqlı öyrənmə imkanları
  • Layihə çərçivəsində məktəbin brendinin gücləndirilməsi və nümunəvi öyrənmə mərkəzinə çevrilməsi.


Müraciət formasına keçid: https://forms.gle/1r5aXQKZGAb3k4DJ8

Müraciət üçün son tarix: 15 avqust 2025-ci il

Qeyd: Sorğu məlumatları yalnız məktəb direktorları tərəfindən təqdim olunmalıdır.

Xəbər lenti