Logo

“Tələbələrin təşəbbüslərinə dəstək – layihələr vernisajı”na müraciət müddəti uzadılıb

24.07.2025 11:54 107 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və DOST Agentliyinin “Tələbələrin təşəbbüslərinə dəstək – layihələr vernisajı” adlı yeni layihəsinə müraciət müddəti uzadılıb. Layihədə iştirak etmək istəyənlər iyulun 31-i saat 18:00-dək işlərini təqdim edə bilərlər.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, layihənin əsas məqsədi sosial sahədə rəqəmsal, innovativ və yaradıcı ideyalara malik tələbələrin təşəbbüslərinə dəstək göstərmək və onların cəmiyyətə faydalı təkliflərini reallaşdırmaqdır.

Layihəyə müraciət etmək istəyən tələbələrdən komanda şəklində iştirak tələb olunur. Belə ki, komandalar minimum 2, maksimum 5 nəfərdən ibarət olmalıdır. Layihə üçün təqdim edilən ideyalar müəyyən meyarlara cavab verməlidir.

Təqdim edilən layihənin ideyası tam və dəqiq olmalı, məqsəd və hədəfləri düzgün göstərilməli, eləcə də sosial sahədə dövlət siyasətini tamamlamalıdır. Layihə innovativ və yaradıcı olmaqla, sosial inkişafı dəstəkləməli, sosial xidmətlərin keyfiyyətinin artırılması və inklüziv həyat şəraitinin yaxşılaşdırılması məqsədini daşımalıdır. Layihə çərçivəsində təklif olunanlar həyata keçirilmə potensialına malik olmalıdır. İdeya fərdi və ya komanda şəklində hazırlanmalı, unikallıq nümayiş etdirməlidir. Həmçinin layihənin davamlı inkişaf potensialına və dayanıqlılığına diqqət yetirilməlidir.

Uğurlu ideyalar növbəti mərhələlərə keçəcək və bu komandalar peşəkar mentorlarla işləmək şansı qazanacaqlar. Eyni zamanda, iştirakçılar ölkədə tanınmış təşkilat və qurumlarla şəbəkələşmə imkanı əldə edəcək, onlara layihələrinə görə sertifikat veriləcək və startap dəstəyi göstəriləcək.

Əlavə sualları olan tələbələr [email protected] ünvanına müraciət edə bilərlər.

Xəbər lenti