Logo

Fariz İsmayılzadə: ICPC dünya finalının Azərbaycanda keçirilməsi ölkəmizin imicinə töhfə verir

02.09.2025 10:26 44 baxış
IMG

“Müsabiqədə 70 ölkədən 140 komanda iştirak edir və bu tələbələr IT və kompüter elmləri sahəsinin ən qabaqcıl, istedadlı gəncləri hesab olunurlar”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri ICPC 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin dünya finalı ilə bağlı açıqlamasında Millət Vəkili Fariz İsmayılzadə  bildirib.

O qeyd edib ki, onlar gələcəyin proqramçıları, mühəndisləri və texnologiya mütəxəssisləridir və bu sahədə aparıcı şirkətlərdə çalışacaqlar:

“Müsabiqənin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq imicinə və nüfuzuna mühüm töhfə verir. Eyni zamanda Azərbaycanda IT texnologiyalarının, kompüter təhsilinin və ümumilikdə rəqəmsal sənayenin inkişafına dəstək göstərir. Bu, ölkəmizdə gənc proqramçı nəslinin yetişməsinə və inkişafına da ciddi təsir edəcək”.

O əlavə edib  ki, yarışmanı dünyanın nəhəng texnologiya şirkətləri – Google, Microsoft, OpenAI və digərləri yaxından izləyir:

"Onlar bu yarışma vasitəsilə istedadlı tələbələri işə cəlb edir və bu da həmin şirkətlərlə Azərbaycanın əlaqələrinin güclənməsinə gətirib çıxarır. Gələcəkdə bu şirkətlərin Azərbaycanda təmsilçilik mərkəzləri və tədqiqat bazalarının yaradılması da istisna deyil".

Fariz İsmayılzadə bildirib ki, yerli komandalar əvvəlki illərdə keçirilmiş regional yarışlarda uğurla çıxış edərək qalib olublar. Lakin bu dəfə söhbət dünya miqyasında keçirilən final mərhələsindən gedir və rəqabət son dərəcə güclüdür.

“Gözləntilərimiz böyükdür, amma onu da nəzərə almaq lazımdır ki, ötənilki qaliblər sırasında Sinqapur, Pekin və Honqkonq universitetləri kimi yüksəkreytinqli ali təhsil ocaqları var. Bu isə yarışmanın səviyyəsini və çətinlik dərəcəsini bir daha göstərir. Ümid edirik ki, bizim gənclər də öz bacarıqlarını nümayiş etdirəcək və yaxşı nəticə göstərəcəklər”, – deyə, o vurğulayıb

Xəbər lenti