Logo

PMS imtahanının II mərhələsinin nəticələri açıqlanıb: 514 nəfər uğur qazanıb

08.09.2025 16:35 43 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin (DİM) avqustun 10-da keçirdiyi peşəkar mühasib sertifikatı imtahanının (PMS) II mərhələsinin (qanunvericilik üzrə) nəticələri açıqlanıb. İmtahan iştirakçıları DİM-in internet saytında nəticələri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

DİM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, imtahan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 952 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən 514 nəfər uğur əldə edib.

Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Onlardan 35-i qapalı, 5-i açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 15-i 2 balla, açıq tipli tapşırıqların hər biri 10 balla qiymətləndirilir.

İmtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 9 sentyabr saat 10:00-dan 13 sentyabr saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Apellyasiya prosesi telefon əlaqəsi vasitəsilə təşkil edilir. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

 

Xəbər lenti