Logo

Mil-Muğan regionunda sentyabr konfransı keçirilib

04.09.2025 11:21 79 baxış
IMG

Mil-Muğan Regional Təhsil İdarəsinin ənənəvi sentyabr konfransı keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, konfransda idarənin rəhbərliyi, həmkarlar təşkilatlarının sədrləri, ümumi təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak ediblər.

Konfransda Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili əvvəlcə keçən tədris ilinə dair illik hesabatı təqdim edib.

Bəhruz Nəbili bildirib ki, ölkə üzrə şagirdlərin 5 faizi bu regional idarənin payına düşür. Regional idarə üzrə 246 təhsil müəssisəsi fəaliyyət göstərir:

“4-cü və 6-cı siniflər üzrə keçirilən monitorinqlərdə şagirdlərin nəticələrində geriləmələr müşahidə olunub. Lakin 9-cu siniflərin buraxılış imtahanlarının nəticələrində isə irəliləyiş nəzərə çarpır. Ümumən 4-cü sinif monitorinq nəticələrinə görə, 42 təhsil müəssisəsinin, 6-cı sinif monitorinq nəticələrinə görə, 95 təhsil müəssisəsinin nəticələrində irəliləyiş var”.

İdarə müdiri həmçinin qeyd edib ki, yeni tədris ilində Saatlı rayonu İkram Ağayev adına Nabatkənd kənd və Sabirabad rayonu Zaur Əliyev adına Quruzma kənd tam orta ümumtəhsil məktəblərinin yeni binasının açılışı gözlənilir. Həmçinin yeni tədris ilində qarşıya qoyulan konkret hədəflərə nail olmaq üçün fəaliyyət planının hazırlanması təklif olunub. Belə ki, növbəti tədris ilində zəif nəticə göstərən şagirdlərin sayının azaldılması, eyni zamanda əvvəlki illərlə müqayisədə yüksək nəticə göstərən şagirdlərin faizinin artırılması qarşıya hədəf kimi qoyulub.

Sonra çıxış edən idarənin müdir müavini Rabil Şahbazov, İnzibati təşkilat sektor müdiri Feyzulla Aslanov və Maliyyə-iqtisadiyyat sektorunun müdiri Rahim Hüseynov direktorlara şagird davamiyyəti, dərs bölgüsü və digər məsələlərlə bağlı mövcud problemlərin aradan qaldırılmasını, eləcə də  məktəb rəhbərlərinin işlərinə daha məsuliyyətlə yanaşmasına diqqət yetirilməsini tövsiyə edib.

Daha sonra məktəb direktorlarının sualları cavablandırılıb.

 

 

 


 

Xəbər lenti