Logo

Torpaqşünaslıq və Aqrokimya İnstitutu məhsul festivalında səyyar laboratoriyası ilə təmsil olunub

08.09.2025 12:17 31 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda keçirilmiş ənənəvi “Qala əncir festivalı”nda iştirak ediblər.

İnstitutdan  TƏHSİL.BİZ -ə bildirilib ki, festivalın əsas məqsədi Azərbaycanın kənd təsərrüfatı məhsullarından biri olan və Abşeron bölgəsinə xas olan əncirin tanıdılması, aqrar sahədə çalışan fermerlərin maarifləndirilməsi və aqrar innovasiyaların təbliği olub.

Torpaqşünaslıq və Aqrokimya İnstitutu festivalda səyyar Aqrar laboratoriyası ilə təmsil olunub. İnstitutun mütəxəssisləri Bakı şəhəri və Abşeron rayonunun fermer və sakinləri ilə interaktiv şəkildə ünsiyyət quraraq torpaq münbitliyi, gübrələmə, bitki bəslənməsi və digər mövzularda onları maraqlandıran sualları cavablandırıblar. Festival çərçivəsində təqdim olunan səyyar Aqrar laboratoriya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və ziyarətçilər laboratoriyanın fəaliyyəti, göstərdiyi xidmətlər və əməkdaşlıq imkanları barədə ətraflı məlumat əldə ediblər. Fermerlər və aqrar sahəyə maraq göstərən hər kəs istənilən zaman laboratoriyaya müraciət edərək peşəkar məsləhət və dəstək xidmətlərindən yararlana bilər.

İnstitutun əməkdaşları bu kimi tədbirlərdə mütəmadi iştirak edərək kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mütəxəssislər, fermerlər və digər maraqlı tərəflərlə birbaşa ünsiyyət qurmağa, onların suallarını cavablandırmağa və elmi bilikləri geniş ictimaiyyətə çatdırmağa xüsusi önəm verirlər.

Qeyd edək ki, tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar İnnovasiya Mərkəzinin və “EkoSfera” Ekoloji Sosial Mərkəz İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutub.

 

Xəbər lenti