Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında bu ildən etibarən icrasına başlanılan ikili diplom proqramı çərçivəsində təhsillərini Çində davam etdirəcək ilk tələbə qrupu ilə görüş keçirilib.
BMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə rektor Yaqub Piriyev ikili diplom proqramının kimya, kompüter və mexanika mühəndisliyi ixtisaslarını əhatə etdiyini xatırladıb. Bildirib ki, bu, Azərbaycan ilə Çin universitetləri arasında bakalavriat səviyyəsində icra olunan ilk ikili diplom proqramıdır. 2+2 modelinə əsasən BMU-da I və II kursları uğurla başa vuran tələbələr müvafiq seçim və prosedurları keçdikdən sonra növbəti kursları Çində oxuyacaqlar. Sonda isə iki universitetin diplomunu əldə edəcəklər.
Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətlərini ayrıca vurğulayan Yaqub Piriyev Şanxay Əməkdaşlıq Təşkilatının illik sammitində Azərbaycan liderinə göstərilən ali münasibəti, habelə iki ölkə arasında viza rejiminin ləğvini əlaqələrin inkişafının daha bir bariz nümunəsi olduğunu bildirib. Qeyd edib ki, iki dost ölkənin liderlərinin müəyyənləşdirdiyi strateji xətt çərçivəsində həyata keçirilən işlər təhsil sahəsində əməkdaşlığın möhkəmlənməsinə də mühüm töhfə verir.
Rektor vurğulayıb ki, Çində təhsillərini davam etdirəcək BMU tələbələrinin qazanacağı bilik və təcrübə yalnız onların fərdi inkişafı üçün deyil, habelə Azərbaycan-Çin münasibətlərinin daha da inkişafı və ölkəmizin elmi-texnoloji potensialının güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Gənclərin qlobal elmi mühitə inteqrasiyasının, yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasının ölkəmizin inkişaf strategiyasında xüsusi yer tutduğunu önə çəkən Yaqub Piriyev tələbələrə Azərbaycanı layiqincə təmsil etmək, daim çalışmaq və göstərilən etimadı doğrultmaq yönündə tövsiyələrini çatdırıb. Eyni zamanda, onların gələcəkdə ölkəmizin mühəndislik, sənaye və texnologiya sahələrinin inkişafına dəyərli töhfələr verəcəklərinə əminliyini dilə gətirib.
Tədbirdə digər çıxışlar zamanı Çində tələbələr üçün yüksək şəraitin yaradıldığı bildirilib, səfərin zəruri prosedurları və tədris prosesinə dair vacib məqamlar diqqətə çatdırılıb.
Təhsillərini PKTU-da davam etdirəcək tələbələr bu ilin sentyabr ayının 8-də Çinə yola düşəcəklər.