Logo

AMB sədri: Qlobal dəyişikliklərin hərəkətverici qüvvəsi istedadlı gənclərdir

05.09.2025 08:45 33 baxış
IMG

İnnovasiyaların, texnologiyaların inkişafı və istedadlı gənclərə dəstək gələcəyə qoyulan əsas investisiyalardır.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Olimpiadasının (ICPC) 49-cu dünya finalının bağlanış mərasimində deyib.

Taleh Kazımov bildirib ki, qlobal dəyişikliklərin hərəkətverici qüvvəsi gənc proqramçılardır.

“Sizi qonaq etmək və ölkəmizin, gözəl Bakı şəhərimizin zəngin irsini bölüşmək bizim üçün böyük şərəfdir. Bu yarışmanı dəstəkləyən yerli komanda olaraq biz innovasiyalara, texnologiyaya və hər şeydən əvvəl istedada sərmayə qoymaq vizyonundan ilhamlandıq. Xüsusilə də istedadlılara sərmayə qoymaqdan. Siz, gələcək dəyişikliyin hərəkətverici qüvvəsisiniz. Səmimi-qəlbdən ümid edirəm ki, Vətənə qayıtdıqdan sonra müsabiqə ilə bağlı xatirələri qoruyacaq, eyni zamanda mədəniyyətimizin ruhunu, qonaqpərvərliyimizin hərarətini və əlbəttə ki, bu günlərdə tapdığınız uzunmüddətli dostluğu xatırlayacaqsınız”, – T.Kazımov vurğulayıb.

AMB sədri yarışın gedişatını, komandalar arasında gedən rəqabəti maraq və həyəcanla izlədiyini bildirib.

“Başa düşdüm ki, yazdığınız alqoritmlər sadəcə kod sətirləri deyil. Onlar sizin yaradıcılığınızı, əzmkarlığınızı və ən əsası komanda işinizi əks etdirir. Siz planetimizin rəqəmsal gələcəyini formalaşdıracaq qlobal liderlər və istedadlar cəmiyyətinin bir hissəsi olursunuz. Problemləri həll etməyə, yeni şeylər yaratmağa və ən əsası layiqli vətəndaş olaraq qalmağa davam edin”, – deyə T.Kazımov əlavə edib.

Xəbər lenti