Logo

MDU ilə ASK arasında əməkdaşlıq imkanları müzakirə olunub

04.09.2025 15:17 35 baxış
IMG

Sentyabrın 4-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) olub. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüş çərçivəsində iqtisadiyyatyönümlü ixtisaslar üzrə peşəkar kadrların hazırlanması istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

“Dəyirmi masa” formatında baş tutan görüşdə universitet–sənaye əməkdaşlığının genişləndirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli kadrların hazırlanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

ASK-ın prezidenti Məmməd Musayev ölkənin sosial-iqtisadi inkişafında universitet–sənaye əməkdaşlığının mühüm rol oynadığını diqqətə çatdırıb. Konfederasiya olaraq üzv müəssisələrin inkişafı üçün gənc mütəxəssislərin peşəkar hazırlığının prioritet istiqamətlərdən biri olduğunu vurğulayan M.Musayev əməkdaşlıq müzakirələrinin sahibkarlıq subyektlərinin ehtiyaclarının ödənilməsinə, eyni zamanda, gənclərin bilik və bacarıqlarının real istehsalat mühitində möhkəmlənməsinə şərait yaradacağını qeyd edib. O, bu təşəbbüslərin iqtisadiyyatyönümlü ixtisaslar üzrə kadr potensialının daha da güclənməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.

MDU-nun rektoru Anar Eminov universitetin təhsil proqramlarının daim təkmilləşdirildiyini, əmək bazarının tələblərinə uyğunlaşdırıldığını və sənaye tərəfdaşlıqlarının bu prosesdə mühüm rol oynadığını vurğulayıb. Universitet olaraq qarşıya qoyulmuş əsas hədəflərdən birinin məzunların yalnız nəzəri biliklərə yiyələnməsi ilə kifayətlənməyib, həm də praktiki bacarıqlarla formalaşmış şəkildə əmək bazarına çıxışını təmin etmək olduğunu diqqətə çatdırıb.

Rektor A.Eminov, həmçinin ASK-ın oktyabrın 24-də Mingəçevir şəhərində MDU, Azərbaycan–Türkiyə İş Adamları Birliyi və "HBN Group"un birgə təşkilatçılığı ilə keçiriləcək Regional Universitet–Sənaye Birliyi Sammitinin tərəfdaşlarından biri olmağa dəvət edib. Bu təklif ASK prezidenti Məmməd Musayev tərəfindən məmnuniyyətlə qəbul edilib.

Qeyd edək ki, görüş çərçivəsində MDU və ASK arasında gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən tələbələrin istehsalat təcrübələrinin təşkili, tədris proqramları və sillabusların təkmilləşdirilməsi, birgə elmi-tədqiqat layihələri və insan kapitalının inkişafına dair təşəbbüslər də müzakirə olunub.

 

 

 

 

Xəbər lenti