“FIFA-nın “Məktəb arenası” layihəsi çərçivəsində məktəbdə yaradılan infrastruktur uşaqların idmanla, xüsusilə futbolla daha çox maraqlanmasına səbəb olacaq. Bu təşəbbüs Azərbaycanda futbolun inkişafına olan diqqətin bariz nümunəsidir”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu 247 nömrəli tam orta məktəbdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşəbbüsü və FIFA-nın dəstəyi ilə tikilmiş futbol meydançasının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.
Nazir qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hər il onlarla yeni məktəb inşa olunur. Bu məktəblərin əksəriyyətində idman zalları və stadionlar ən yüksək standartlara uyğun şəkildə qurulur: “Biz fiziki tərbiyə dərslərinə sadəcə adi fənn kimi deyil, gənc nəslin sağlam və hərtərəfli inkişafı üçün vacib sahə kimi yanaşırıq”.
O əlavə edib ki, Azərbaycan gəncliyi üçün bədən tərbiyəsi, idman və sağlam həyat tərzi vacib prioritetlərdəndir. Bu səbəbdən də ölkədə idmanın təbliği və inkişafı istiqamətində dövlət səviyyəsində davamlı addımlar atılır.