Logo

AFFA Prezidenti: Məktəblərdə futbolun inkişafı prioritet istiqamət kimi müəyyən edilib

09.09.2025 08:45 92 baxış
IMG

“Ölkədə futbolun populyarlaşdırılması və uşaq futbolunun inkişafı strateji hədəflərdən biri kimi müəyyən olunub. Bu istiqamətdə görülən tədbirlər sırasında məktəblərdə futbolun təşviqi və futbolla məşğul olan şagirdlərin sayının artırılması xüsusi yer tutur”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri 247 nömrəli tam orta məktəbdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşəbbüsü və FIFA-nın dəstəyi ilə tikilmiş futbol meydançasının açılış mərasimində AFFA-nın prezidenti Rövşən Nəcəf səsləndirib.

O qeyd edib ki, layihənin əsas məqsədi uşaqların həm fiziki inkişafına, həm də sağlam həyat tərzinə marağının artırılmasına xidmət etməkdir. Təhsil müəssisələrində futbola göstərilən bu diqqət uşaqların həm sosial bacarıqlarını inkişaf etdirir, həm də onların asudə vaxtlarını səmərəli keçirməsinə imkan yaradır:

“Bu təşəbbüslər çərçivəsində bu il məktəblərarası futbol çempionatına da start veriləcək. Artıq ilk oyunların yaxın vaxtlarda keçirilməsi planlaşdırılır və final mərhələsinin gələn ilin yaz aylarında təşkil olunması nəzərdə tutulur”.

O əlavə edib ki, "sağlam bədəndə sağlam ruh" prinsipi əsasında qurulan bu strategiya təhsil və idmanı bir araya gətirərək daha balanslı və dayanıqlı inkişaf modelini formalaşdırmağa xidmət edir. Elm və Təhsil Nazirliyi və digər tərəfdaş qurumlarla birgə həyata keçirilən layihələr gələcək nəsil üçün sağlam və uğurlu mühitin formalaşmasına mühüm töhfə verir.


 

Xəbər lenti