Logo

Ümummilli lider Heydər Əliyevin 98-ci ildönümü münasibəti ilə elmi seminar keçirilib

04.05.2021 14:05 78 baxış
IMG

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci  ildönümü ilə əlaqədar Azərbaycan Dillər Universitetinin Təhsil 1 və Təhsil 2 fakültələri onlayn elmi seminar təşkil edib. Qeyd etmək lazımdır ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə hər il Universitetdə  “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda beynəlxalq elmi konfrans ənənəyə çevrilib.  Ulu Öndərin anadan olmasının 95 illiyi münasibətilə 2018-ci ildə təşkil olunan eyniadlı birinci konfrans dünyanın 11 ölkəsinin 14 universitetində keçirilib. Belə ki, konfransın açılış və bağlanışı ADU-da, bölmə iclasları isə müxtəlif ölkələrin universitetlərində təşkil edilib. Konfransın əhatə dairəsinin genişliyi sayəsində yüksək nəticələr əldə olunub.  Ulu Öndərin anadan olmasının 96 illiyi münasibətilə 2019-cu ildə konfransın açılış və bağlanış mərasimi universitetdə keçirildi. Həmçinin konfrans iclaslarını nüfuzlu elmi məkanlarla yanaşı, Cəbrayıl rayon 102 nömrəli tam orta məktəbində, N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində, Kəlbəcər rayon 1 nömrəli, Ağdam rayon 47 və 1 nömrəli, Xocavənd rayon Xocavənd kənd 1 nömrəli köçkün tam orta məktəblərində və Nardaran kənd 295 nömrəli məktəbdə keçirdi. 2020-ci ildə mövcud vəziyyət nəzərə alınaraq Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illiyi ilə əlaqədar onlayn konfranslar və elmi seminarlar ADU-nun müxtəlif fakültələrində təşkil olunub.

 

Elmi seminarı giriş sözü ilə ADU-nun Təhsil 1 fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov  açaraq  Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmış dahi şəxsiyyət Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında məlumat verib. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünkü modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynayıb.

 

ADU rektorunun köməkçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Anar Osmanlı vurğulayıb ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin, demokratiyanın inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.

 

Təhsil 2 fakültəsinin dekanı, dosent Salman Nuriyev Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətindən danışandan sonra neft sənayesinin inkişafında xidmətlərini də xüsusi vurğulayıb.

 

 ADU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti Namiq Əsədov bildirdi ki, Azərbaycanı XX yüzilliyin sonlarında düşdüyü xaos və anarxiyadan çıxaran, ölkədə ictimai-siyasi sabitliyi təmin edən ümummilli lider Heydər Əliyev zəngin dövlət idarəçiliyi ənənəsi formalaşdırmışdır. Bütün ömrünü dövlətinin, xalqının rifahına, intibahına həsr edən, bu yolda canını belə əsirgəməyən böyük şəxsiyyət Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövlətini xilas etmiş, millətinin gələcəyini təmin etmişdir. Ulu Öndər öz əməlləri, fəaliyyəti, xalqımıza, dövlətimizə bəxş etdiyi azadlıqlarla əsl xilaskarlıq nümayiş etdirmişdir. Hakimiyyətinin hər iki dövründə xalqa xidmət, vətənə  sədaqət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasında dayanıb. Azərbaycanın iqtisadi, sosial inkişaf səviyyəsinə görə bölgədə liderlik adını qazanması, müasirləşməsi, yeniləşməsi, respublikanı əhatə edən quruculuq işlərinin geniş vüsət alması ümummilli liderimiz Heydər Əliyev ideyalarının hər bir Azərbaycan vətəndaşı tərəfindən həyata keçirildiyinin bariz nümunəsidir. Ulu Öndərin ideyaları bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi sahəsində çoxşaxəli fəaliyyətin əsasında dayanır. 

 

Elmi seminarda çıxış edən Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti, UFAZ-ın direktoru Vazeh Əsgərov  bildirib ki, Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

 

Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Fazil Rüstəmov “Heydər Əliyev və Azərbaycançılıq ideologiyasının formalaşması” mövzusunda geniş məruzə edib.   

 

Təhsi 1 fakültəsinin nəzdindəki İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Amil Cəfərov çıxış edərək deyib ki, Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə gəlməsi ilə ölkədə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində uğurlu addımlar atıldı. Yeni Konstitusiya layihəsi hazırlanaraq referendum yolu ilə qəbul edildi, bazar münasibətlərinə keçidlə bağlı möhkəm qanunvericilik bazası yaradıldı, “Əsrin müqaviləsi” imzalandı. Bundan başqa, milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı, Azərbaycan informasiya blokadasından çıxarıldı.

 

 Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor Sərxan Abdullayev deyib ki, Azərbaycan xalqının keçdiyi çətin və mürəkkəb inkişaf yoluna işıq saçan, onun bugünkü müstəqilliyinin yaranmasında və inkişafında, müasirləşməsində və yeniləşməsində müstəsna xidmətləri olan Heydər Əliyev fenomenini xüsusi qeyd etmək lazımdır. Ölkəmizin dünya birliyinə inteqrasiyası bir daha göstərir ki, Azərbaycanın inkişaf strategiyasını uzaqgörən siyasəti ilə müəyyənləşdirən Heydər Əliyev dühası, zəkası, neçə-neçə onillər üçün hesablanmış perspektivləri ölməz siyasətçinin fədakarlığının nəticəsidir.

 

Tədbirdə çıxış edən Xarici dillər kafedrasının(TF2) professoru Əsgər Zeynalov diqqətə çatdırıb ki, Ümummilli Lider bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoyub. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri(TF1) v.i.e., dosent Günay Şirəliyeva Ulu öndər Heydər Əliyevin Gənclər və təhsil sahəsində həyata keçirdiyi  mühüm işlərdən danışıb.

 

Təhsil 1 fakültəsi TEC-in sədri Nurlan Tağıyev Ulu Öndərin təhsil siyasətindən, onun ölkəmizin sosial-iqtisadi inkişafında, “Əsrin müqaviləsi”nin bağlanmasında oynadığı roldan danışıb.

Xəbər lenti