Logo

Gömrük Akademiyasında “Məzun günü” keçirilib

07.07.2025 14:04 36 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyası 2024/2025-ci tədris ili üzrə “Məzun günü” keçirib.

TƏHSİL.BİZ xəbər verir ki, tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb sonra respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə elm və təhsil sahəsinə göstərilən dövlət qayğısından, 11 ildir fəaliyyət göstərən Akademiyada müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı kadr hazırlığından və tələbələr üçün yaradılan imkanlardan söz açıb. Bildirilib ki, müstəqil Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti, eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin təhsili, inkişafı  istiqamətində gördüyü genişmiqyaslı işlər bu gün gənc nəslin bilikli, vətənpərvər və peşəkar mütəxəssislər kimi formalaşmasına geniş imkanlar yaradıb. Zəfər qazanmış ölkənin uğurlu gələcəyi naminə gənclərə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək və yüksəkixtisaslı kadrlar kimi inkişaf etmək tövsiyə olunub.

Vətənpərvər övladlar yetişdirən bütün şəhid anaları başda olmaqla, Akademiyanın professor-müəllim heyətinə, məzunların valideynlərinə təşəkkür ifadə edilib, məzun adını qazanmış bütün tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Tədbirdə şəhid Muxtar Qasımlının anası Almaz Qasımova çıxış edərək məzunları təbrik edib, dövlətin və Akademiya kollektivinin şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Elm və təhsil nazirinin müavini İdris İsayev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Dövlət Gömrük Akademiyasının rəisi Qulu Novruzov ölkəmizdə təhsilə göstərilən hərtərəfli dövlət qayğısından bəhs edib, Akademiyada yaradılan şəraitin, əldə olunan nəticələrin də bunun bariz nümunəsi olduğunu vurğulayıblar və məzunlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu ediblər.

Akademiya birincisi, məzun Əli Qurbanov isə çıxışında təhsil müddətində qazandığı bilik və təcrübəyə görə müəllimlərinə və rəhbərliyə minnətdarlığını ifadə edib, məzun yoldaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib.

Daha sonra Akademiyanı bitirən tələbələrə məzun vərəqələri təqdim edilib və yüksək akademik göstəricilərinə görə məzunlardan ixtisas və Akademiya birinciləri təltif ediliblər.

Qeyd edək ki, 2024/2025-ci tədris ili üzrə Akademiyanı bakalavriat səviyyəsi üzrə 134, magistratura üzrə 8 nəfər bitirib.

Sonda Akademiya tələbələrinin ifasında bədii kompozisiya nümayiş etdirilib.

Xəbər lenti