İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkında təntənəli “Məzun günü” tədbiri təşkil olunub.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə dövlət qurumlarının, müxtəlif nazirliklərin və özəl müəssisələrin rəhbər şəxsləri, millət vəkilləri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADNSU-nun rektoru, dosent Rüfət Əzizov “Məzun günü”ndə açılış nitqi ilə çıxış edərək ali təhsilin inkişafında dövlət siyasətinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, ADNSU bu gün Azərbaycan iqtisadiyyatı üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayan aparıcı təhsil müəssisələrindən biridir. Dosent Rüfət Əzizov məzunlara müraciət edərək qeyd edib ki, onlar universitetin adını hər zaman uca tutmalı, qazandıqları bilik və bacarıqlarla ölkənin iqtisadi inkişafına öz töhfələrini verməlidirlər.
Elm və təhsil nazirinin müavini İdris İsayev, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxış edərək Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətədavamlı şəkildə inkişaf etdiyini diqqətə çatdırıblar. Məzunları təbrik edən nazir müavinləri çıxışlarında ADNSU məzunlarının ölkə iqtisadiyyatının, xüsusən də sənaye və enerji sahələrinin inkişafına mühüm töhfə verəcəyinə əmin olduqlarını bildiriblər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, ADNSU-nun məzunu Arzu Cavadova universitetdə keçirdiyi tələbəlik illərini xatırladaraq bildirib ki, ADNSU-da formalaşan bilik və peşəkar baza hər bir məzunun gələcək karyerasında əvəzsiz rol oynayır. O, universitetin yetişdirdiyi mühəndislərin ölkənin neft və sənaye sektorunda mühüm layihələrə imza atdığını vurğulayıb.
Bildirilib ki, bu il ADNSU-nu 4 mindən çox məzun bitirib.
Tədbirdə fakültələr üzrə fərqlənən məzunlara mükafatlar təqdim olunub. Rəsmi hissədən sonra “Məzun günü” tədbiri sənət adamlarının və tələbələrin musiqi ifaları ilə davam etdirilib.