Logo

UNEC: Aksiya keçirənlər tələbələrimiz deyil

03.05.2021 17:26 70 baxış
IMG

Bu gün bir neçə gənc UNEC-in qarşısında etiraz aksiyası keçirib.

 

UNEC-in mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova APA-nın sorğusuna cavab olaraq bildirib ki, aksiyanın təşkilatçıları və aksiya keçirənlər heç biri UNEC tələbəsi deyil:

 

“Aksiyanın təşkilatçılarının UNEC-lə heç bir əlaqəsi yoxdur və universitetin tələbələri deyillər. Süni ajiotaj yaratmaq məqsədilə 4 nəfərin iştirakı ilə təşkil olunan aksiyadır və heç bir əsası yoxdur. UNEC-in Elmi Şurasının qərarı ilə IV modul imtahanlarında peşə kompetensiyaları tələb edən fənlərin sualları məxfi saxlanılacaq, qeyri-ixtisas fənlərinin test sualları isə veriləcək. İmtahan sualları sillabusda qeyd olunan mövzular üzrə tərtib olunacaq. İmtahanda sillabusdan kənar sual olarsa, bu zaman apellyasiya qərarı tələbənin xeyrinə həll ediləcək. Hər bir fənnin sillabusu, müəllimlərin mühazirələri, mühazirələr əsasında “Power Point”də hazırlanan təqdimatlar, keçirilən mühazirələrin videodərsləri, eləcə də 800-dən çox asinxron videodərs və digər tədris materialları şəxsi kabinetlərinə yerləşdirilib və tələbələr üçün əlçatandır. Elektron kitabxananın işi təşkil edilib. Qərarla bağlı IV modulun əvvəlində tələbələrin şəxsi kabinetlərinə məlumat göndərilib”.

 

E.Məmmədova qeyd edib ki, UNEC-in Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil Haqqında” Qanununa, digər qanunvericilik aktlarına və “Təhsil prosesi iştirakçılarının etik standartlar modeli”nə uyğun olaraq hazırlanmış tələbələrin universitetdaxili intizam qaydaları mövcuddur:

 

“Həmçinin müvafiq struktur rəhbərlərinin, eləcə də tələbələrin təmsil olunduğu İntizam Komissiyası fəaliyyət göstərir. Universitetdaxili intizam qaydalarının pozulma hallarına həmin komissiyada baxılır. IV modulda İntizam Komissiyası tərəfindən universitetdaxili intizam qaydalarının pozulmasına görə heç bir tələbəyə intizam tənbehi tətbiq edilməyib və töhmət verilməyib.

 

İxtisas fənlərinin imtahan suallarının məxfi saxlanılması tələbələrin öz ixtisaslarını daha dərindən mənimsəmələrinə xidmət edir və təqaüdlə heç bir əlaqəsi yoxdur. Tələbələrin təqaüdləri imtahan nəticələrinə görə müəyyən olunur. İmtahanlar yekunlaşdıqdan sonra elektron sistem vasitəsilə tələbələrin təqaüd siyahısı müəyyən olunur. Təqaüd alan tələbələrin sayında heç bir dəyişiklik olmur. Təqaüdlər isə dövlət büdcəsindən ödənilir.

 

Bəzi sosial şəbəkələrdə tələbələrin töhmət alması, onlardan üzr istənilməsi, eləcə də təqaüd sayının azaldılması, “maddi talançılıq”la bağlı iddialar səsləndirilir. Həmin iddiaların heç bir əsası yoxdur”.

Xəbər lenti