Logo

İbtidai sinif yaşı: 6, yoxsa 7 olsun? - ARAŞDIRMA

03.05.2021 15:29 2207 baxış
IMG

Bir neçə gündür ki, birinci siniflərə qəbul prosesinə start verilib və sosial, eləcə də yerli mediada 6 yaşlı uşaqların məktəbə hazırlıqlı olub-olmaması məsələsi müzakirə predmetinə çevrilib.

 

Lent.az mövzunun aktuallığını nəzərə alaraq yaranmış bəzi suallara aydınlıq gətirməyə çalışıb.

 

“8 yaşı tamam olan uşaqlar  birinci sinifə qəbul edilirlər”.

 

Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, “Təhsil haqqında” qanununa əsasən, ibtidai təhsil altı yaşdan başlayır:

 

“Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

 

Eyni zamanda, uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydaların 2.8-ci bəndinə əsasən hər təqvim ilinin sonunadək 8 yaşı tamam olan uşaqlar I sinifə qəbul edilirlər. 8 yaşdan yuxarı təhsildən kənarda qalmış uşaqların I sinifdə təhsilə cəlb edilməsi məktəblərdə müəyyən olunmuş qaydalar daxilində fərdi təhsil təyin edilməklə həyata keçirilir”.

 

“Bu ciddi tendensiyaya gətirib çıxaracaq”.

 

Təhsil eksperti Kamran Əsədov bildirib ki, son illər uşaqlar arasında fiziki inkişaf kəskin  aşağı düşüb və valideynlər övladlarının fiziki hazırlığının birinci sinfə getmək üçün uyğun olmadığını görürlər

 

Təhsil eksperti Kamran Əsədov

 

“Təhsil Nazirliyi 5 yaşdan etibarən ödənişsiz olaraq məktəblərin daxilində məktəbəhazırlıq qrupları yaradıb və şagirdlər fiziki, psixoloji cəhətdən məktəblərə adaptasiya olmaq üçün həmin qruplara gedirlər. Amma görürük ki, məktəbəhazırlıq qruplarından sonra valideynlər uşaqların fiziki cəhətdən hazır olmadıqlarını anlayırlar və buna görə də övladlarını tədrisə 7 yaşdan cəlb etməyə çalışırlar. Bu zaman şagirdlər arasında yaş fərqi yaranır və burada boy fərqi də hiss olunur. Bu ciddi tendensiyaya gətirib çıxaracaq, çünki əvvəl sentyabr ayının 15-nə qədər 6 yaşı tamam olan uşaqlar məktəbə gedirdilər. Ondan sonra 6 yaşı olanlar isə növbəti tədris ilində məktəbə yollanırdılar”.

 

K.Əsədov qeyd edib ki, orta məktəblərdə dərslərin sayı ibtidai siniflər üçün çoxdur, dərsliklərin informasiya yükü də ağırdır:

 

“Şagirdlər dərslikləri mənimsəməkdə çətinlik çəkirlər. Əgər ibtidai sinif şagirdləri üçün dərslərin müddəti 30 dəqiqə edilsə, dərsliklər sadələşdirilsə, keçirilən dərslər oyunlar vasitəsilə uşaqlara çatdırılarsa, problem həll oluna bilər. 

 

Dünyanın bir çox ölkələrində (Cənubi Koreya, Sinqapur və s.) hətta 5 yaşından belə uşaqlar birinci sinfə cəlb edilirlər. Həmin uşaqlar bağçalara 1-2 yaşından gedirlər. Azərbaycanda da rahatlıqla 6 yaşlı uşaqların məktəblərə getməsi üçün onların 1-2 yaşdan etibarən bağçalara cəlb edilməsi prosesinə başlanılmalıdır. Təəssüf ki, hazırda uşaqların 25 faizi uşaq bağçalarına gedirlər. Bu rəqəm 90-95 faiz olarsa, uşaqlar 6 yaşından fiziki və psixoloji olaraq məktəbə hazır olarlar”.

 

“Birinci siniflərə 100-lük kart (kvadrat) dərsi keçirik”.

 

İbtidai sinif müəllimi Şamama Əhmədova deyib ki, birinci siniflər üçün hazırda istifadə edilən kitabları mənimsəməkdə şagirdlər əziyyət çəkirlər:

 

İbtidai sinif müəllimi Şamama Əhmədova

 

“Düşünürəm ki, kitablarla bağlı dəyişikliklər edilməlidir. Dəyişiklik mümkün deyilsə, məktəbəqədər qruplara cəlb olunma 6 yaşdan, ibtidai siniflərə qəbul isə 7 yaşından olsun”.

 

Ş.Əhmədova qeyd edib ki, əvvəllər birinci siniflər üçün kitablar çox sadə və anlaşılan olub:

 

“Məsələn, köhnə kitablarda ilk siniflərə 100-lük kvadrat keçilmirdi. İndi isə uşaqlara bunu öyrədirik. Hər uşaq bunu qavraya bilmir və öyrənə bilməməsi, dərsin çətin olması onun tədrisə həvəsini aşağı salır.

 

Dərsliklər həqiqətən də uşaqları incidir, daşıya biləcəyi yükdən ağır olur. Buna görə də dərslərə həvəsi ölür və bilik səviyyəsi aşağı düşür. Ancaq kitablar onların qavrayacağı şəkildə olarsa, onların da həvəsi artar və məktəb sevgisi də çoxalar”.

 

“Təlim prosesinin keyfiyyəti və davamlılığı ilə valideynləri narahat edən problemləri aradan qaldırmaq mümkündür”.

 

Psixoloq Aynur Ələsgərova isə düşünür ki, məktəb həyatı insan üçün əhəmiyyəti dövrün başlanılması deməkdir:

 

Psixoloq Aynur Ələsgərova

 

“11 il mütəmadi getdiyi müəssisədə insan ərsəyə gəlir. Məktəb, şəxsin  məktəbə gedənə qədər yığdığı təcrübə,  aldığı tərbiyə və fərdi göstəricilərini sınaqdan keçirdiyi meydandır. Müasir həyatda öyrənmə mühiti təkcə məktəbdən başlamır və məktəblə yekunlaşmır. Şagird məktəbə gələnə qədər artıq onda həyatla bağlı anlayışlar mövcud olur. Şəxslərarası münasibətlər, özünü və başqalarını tanıya bilmək, hadisələri və əşyaları fərqləndirmə kimi bacarıqların müəyyən formasına sahib olur. Bu baxımdan məktəb yaşı dövrünün, daha doğrusu məktəbə başlama yaşının tez olması narahatverici olmamalıdır”.

 

Psixoloq əlavə edib ki, ölkəmizin təhsil sistemində məktəb, məktəbəhazırlıq qruplarından yəni 5 yaşından başlayır:

 

“Bu qruplarda şagirdlərə təlimlə bağlı ilkin anlayışlar vizual şəkildə öyrədilməyə başlanılır. Məktəbəhazırlıq qrupları adından da göründüyü kimi şagirdi məktəbə hazırlamaq, məktəb mədəniyəti, məktəb vərdişinin aşılanması məqsədi ilə həyata keçirilir. Bu qruplara gələn şagirdlər, birinci sinifdə təhsil alanlar və eyni zamanda kiçik yaşlı uşaqları müşahidə etdikdə görmək olur ki, onlarda yeni bacarığa sahib olma potensialı, yeni tanışlıq qurma keyfiyyətləri, ünsiyyət yarada bilmə, qrupla bərabər fəaliyyət göstərmək kimi xüsusiyyətlər asanlıqla icra olunur. Bu baxımdan 5 yaşda təhsil ala bilərlərmi kimi nigaranlıqlar əhəmiyyətini itirmiş sayılır”.

 

A.Ələsgərovanın sözlərinə görə, sürətli inkişaf (akselerasiya) prosesini nəzərə alaraq şagirdlərin yeni biliklərlə tanış olmasının 5 və 6 yaşdan başlamasını erkən hesab etmək doğru sayılmaz:

 

“Zaman irəliləyir, insan keyfiyyətləri də zamanın sürətinə uyğun təşkil olunmalıdır. Təlim prosesinin keyfiyyəti və davamlılığı ilə valideynləri narahat edən problemləri aradan qaldırmaq mümkündür. Dərs yükü, materialın çətinliyi sistemli şəkildə yanaşılarsa, şagird üçün asan hala gətirilə bilər”.

Xəbər lenti