Logo

DİM tərəfindən hazırlıq kursları keçirilib

03.05.2021 10:52 299 baxış
IMG

1-2 may 2021-ci il tarixlərində Dövlət İmtahan Mərkəzində qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və açıq tipli tapşırıqların yoxlanılmasına dair hazırlıq kurslarında Azərbaycan dili, fizika və tarix fənləri üzrə ilk məşğələlər, kimya, biologiya, ingilis dili fənləri üzrə isə növbəti məşğələlər keçirilib.

 

COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantin rejiminin qaydaları nəzərə alınaraq hazırlıq kursları onlayn – “Zoom” platforması üzərindən həyata keçirilib.

 

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər.

 

İclasda DİM-in şöbə müdiri Afiqə Batıyeva hazırlıq kurslarının proqramı haqqında məlumat verərək qeyd edib ki, kursun nəzəri hissəsi mövcud şəraitə görə 2 gün ərzində onlayn qaydada keçiriləcək. Sonra kursun praktiki hissəsində iştirakçıların ev tapşırıqlarını bir ay müddətində internet vasitəsilə onlara təqdim edilən elektron ünvana göndərməli olduqları bildirilib. Hazırlıq kursunun sonunda Bakı şəhərindən olan iştirakçıların DİM-in Abdulvahab Salamzadə 28 ünvanında yerləşən binasında, regionlarda yaşayan iştirakçıların isə yaşadığı əraziyə ən yaxın DİM-in regional bölməsində cavabı yazı ilə ifadə olunan açıq tipli qiymətləndirmə tapşırıqlarının yoxlanılması prosesindən (kalibrləmə) keçməli olduqlarını qeyd edilib.

 

Daha sonra hazırlıq kurslarında Azərbaycan dili fənni üzrə moderator Saməddin İbrahimov, kimya fənni üzrə moderator Elşad Abdullayev, biologiya fənni üzrə moderator Nailə Əliyeva, fizika fənni üzrə moderator Əlövsət Rəcəbli, tarix fənni üzrə moderator Hafiz Cabbarov və ingilis dili fənni üzrə moderator Nərminə Əliyeva müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu haqqında və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin formaları, məzmunu və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimat ediblər.

 

Kursu başa vurmuş müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Onlara DİM-in sertifikatı veriləcək. Gələcəkdə sertifikat almış şəxslər DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.

Xəbər lenti