Logo

Gəlin, virusa birlikdə qalib gələk

02.05.2021 12:35 278 baxış
IMG

“Arzu edirik ki, pandemiya bitsin və ənənəvi təhsilə qayıdaq”
 

Paytaxtla yanaşı, Abşeronda da təhsil işçiləri COVID-19 infeksiyasına qarşı mübarizədə fəal iştirak edirlər.  Xırdalan şəhər 5 nömrəli  tam orta məktəbdə yaradılan vaksin məntəqəsində  olarkən təhsil işçilərinin vaksinasiya prosesini izlədik.

 

Xırdalan  Şəhər 2 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Ramil Qulaməliyev:  “Əyani təhsili heç nə əvəz edə bilməz, buna görə vaksinasiya labüd məsələyə çevrilir. Həmkarlarım kimi mən də peyvənd olundum. İkinci dozanı qəbul etdim. Burada təhsil işçiləri üçün yaradılan şərait mənim çox xoşuma gəldi.  Vaksinasiya olunmadan tam dayanıqlı əyani tədrisə keçmək mümkün olmayacaq.  Çox yaxşı haldır ki, artıq təhsil işçilərinin vaksinasiyası ölkə üzrə çox yüksək səviyyədə həyata keçirilir. Dövlətimiz tərəfindən aparılan islahatlar prosesin yüksək səviyyədə təşkili üçün geniş imkanlar yaradır. Cəmiyyətimiz bəşəriyyəti cənginə alan bu pandemiya dövründə bir daha əmin oldu ki, ölkə rəhbərliyi üçün birmənalı qaydada insanların sağlamlığı həmişə birinci yerdə olub. Biz hamımız yaxşı bilirik ki, koronavirus pandemiyası başlayandan  bu günə qədər Azərbaycan dövləti çox böyük işlər görüb. Mən bir təhsil işçisi kimi sevinirəm ki,  müəllimlərimiz bu məsələyə həssaslıqla yanaşırlar.  Ümid edirəm ki, birlik və mübarizlik göstərərək  tezliklə bu düşmənimizi  də məğlub edəcəyik”.

 

Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səkinə Qafarova:  “Bu gün mən də həmkarlarım kimi vaksin olunmağa gəlmişəm. 2-ci dozanı qəbul etdim. Özümü çox yaxşı hiss edirəm.  Birinci dozanı  qəbul edəndə də heç bir yan təsirlə qarşılaşmadım. Müəllimlərimiz bunun məsuliyyətini dərk edərək könüllü şəkildə peyvənd olunurlar. Təbii ki, bu bizi sevindirir.  Ona görə ki, məktəbdə  şagirdlərimizlə birlikdə dərslərimizi keçmək istəyiriksə, peyvənd olunmalıyıq.   Gigiyenik qaydalara əməl etməliyik.  Gigiyenik qaydalara əməl etməklə yanaşı, gəlin, peyvənd olunaq. Mənə elə gəlir ki, hər bir vətəndaş belə düşünür.  İndiyə qədər vaksinasiya olunan  müəllimlər arasında  halı pisləşən və narahat olanını eşitməmişik. Gəlin, bu virusa  birlikdə qalib gələk”.

 

Xirdalan  şəhər 3 nömrəli tam orta məktəbin texniki işçisi Nigar Novruzova:  “Bu gün mənə “COVİD-19” əleyhinə peyvəndin birinci dozası vuruldu.  Hazırda özümü çox yaxşı hiss edirəm. Xəstələnməmək üçün vaksinasiya olunmağımız vacibdir. Bu yoluxucu xəstəlik tanıdıqlarımızın, yaxınlarımızın ölümünə səbəb olur. Virusa son qoymaq üçün gigiyenik qaydalara əməl etməklə yanaşı, peyvənd də olunmalıyıq. Bu bəlanın nəyə qadir olduğunu,  insanların sağlamlığına, hətta həyatına son qoyduğunu bilirik.  Ona görə də özümə borc bildim ki,  peyvənd olunum.  Arzu edirik ki, pandemiya bitsin və ənənəvi təhsilə qayıdaq”.

 

Abşeron Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, rayonun 40 ümumtəhsil məktəbi  üzrə 5645 pedaqoji və texniki heyətinin 70 faizi artıq vaksin olunub.

 

Rəşad ZİYADOV

Xəbər lenti