Logo

"Bakı Dövlət Universiteti öz vətənpərvərliyini həmişə göstərib" - Günel İsgəndər

01.05.2021 17:56 615 baxış
IMG

44 günlük Vətən müharibəsində qazanılan zəfərimiz bütün dünyaya səs salıb. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan dövlətini heç bir qüvvə sarsıda bilməz, ölkəmiz iqtisadi, siyasi, regional mərkəzə çevrilib. Bütün bu uğurlarımız dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti ilə yanaşı, xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti hesabına əldə edilib. Müstəqillik yolunda əldə etdiyimiz uğurlarımızı, qüdrətimizi və nailiyyətlərimizi hər vəchlə qorumalı, ölkəmizin inkişafına töhfələrimizi artırmalıyıq.

 

Bakı Dövlət Universiteti təkcə təhsil istiqamətində deyil, bütün digər sahələrdə də öz vətənpərvərliyini həmişə göstərib. BDU burada təhsil almağa başlayan tələbə-gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasına daima böyük önəm verir. Vətən müharibəsində Universitetimizin neçə-neçə tələbə oğlu könüllü olaraq cəbhəyə yollanıb. Vətən savaşında Universitetin 50-dən çox tələbə və məzunu iştirak edib, onlardan 20 nəfərə yaxını müqəddəs şəhidlik zirvəsinə ucalıb. Biz şəhidlərimizin ailələrinə, qazilərimizə daima diqqət və qayğı ilə yanaşacağıq, əlimizdən gələn dəstəyi göstərməyə çalışacağıq. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanlar heç vaxt unudulmayacaq, onlar daim qəlbimizdə yaşayacaqlar. Onların qəhrəmanlığı Azərbaycan Ordusunun əsgərləri, gənclərimiz, bütövlükdə hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir. Biz Vətən, torpaq uğrunda həlak olmuş bütün şəhidlərin ruhu qarşısında baş əyirik. Allah onlara rəhmət eləsin! Onların qanı yerdə qalmadı!

 

10 Dekabr 2020-ci il Azərbaycanın tarixdə ilk Zəfər Paradını qeyd etdiyi şanlı gün kimi tarixə yazıldı, əbədi olaraq yaddaşımıza həkk olundu. Zəfər Paradı Azərbaycanın qüdrətinin, gücünün bütün dünyaya nümayişi hesab etmək olar. Bu parad həm də Vətən müharibəsində həlak olan 2802 şəhidin, yüzlərlə qazinin yad edilməsi, xatırlanması, onların qisasının alındığının nümayişi oldu. Qarabağın ürəyi Şuşada dalğalanan üçrəngli bayrağımız qalibiyyət rəmzi kimi hərbi paradda dalğalandı. 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin, eləcə də Vətən müharibəsi zamanı ələ keçirilən hərbi qənimətlərin bir qisminin nümayişi olan Zəfər Paradı Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulmasının sevincinin təcəssümü oldu. “Dəmir yumruq” əməliyyatı – Azərbaycanın 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəsi mənfur düşməni məğlub etdi, işğalçılıq siyasətinə son qoydu. Bundan sonra Azərbaycan yalnız inkişaf gözləyir. Ali Baş Komandanımız, Qalib Prezidentimiz İlham Əliyevin dediyi kimi, işğaldan azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var.

 

Qarabağın zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri Azərbaycanın milli sərvətidir. Lakin işğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə hamımızsa təəssüf hissi doğurur. İnfrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar istifadə olunmaz hala salınıb. Biz hamımız bütöv Azərbaycan olaraq həmin bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın həyatı üçün, övladlarımızın normal təhsil almaları üçün bütün addımları atacağıq. Erməni vəhşiliyi nəticəsində viran qalan yaşayış məntəqələrimizin, sənaye infrastrukturunun, ekologiyanın, kənd təsərrüfatının, flora və faunanın, su ehtiyatlarının, meşə sahələrinin, eləcə də Qarabağ mədəni mühitinin – tarixi memarlıq və dini abidələrinin, folklorunun, təhsilinin və s. bərpa olunması istiqamətində qarşıda mühüm vəzifələr durur. Bütövlükdə Qarabağın kənd təsərrüfatı, iqtisadi və turizm potensialı çox böyükdür. İnanırıq ki bu potensialdan ustalıqla yararlanaraq Qarabağ nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl bölgələrindən birinə çeviriləcək.

 

Günel İsgəndər (Orucəliyeva),

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri

Xəbər lenti