Logo

AKADEMİK TOFİQ HACIYEV - 85

01.05.2021 13:39 120 baxış
IMG

Bu il türk dünyasının görkəmli alimi, filologiya üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi, «Şöhrət» ordenli, Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü, AMEA Dilçilik İnstitutunun sabiq direktoru, akademik Hacıyev Tofiq İsmayıl oğlunun 85 yaşı tamam olur. O, 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuş, orta təhsili həmin kənd məktəbində aldıqdan sonra 1953-cü ildə ali təhsil üçün Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) Filologiya fakültəsini seçmişdir. Təhsil illərində istedadı ilə həmyaşıdlarından seçilən T.Hacıyev 1958-ci ildə Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, aspiranturada saxlanılmışdır. Bundan sonrakı ömrünü elmə həsr etmiş, dilçiliyin dialektologiya, dil tarixi, ədəbi dil, türkologiya, üslubiyyat, nitq mədəniyyəti və ədəbi tənqid sahələrinə dair bir-birindən dəyərli əsərlər yazaraq türk dilçiliyini zənginləşdirmişdir.

 

Alim elmi yaradıcılığa dilçiliyin dialektologiya sahəsi ilə başlamışdır. 1962-ci ildə «Azərbaycan dilinin Cəbrayıl şivəsi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Gənc alim ilk tədqiqatında dialektoloji terminlərin sırasına keçid şivəni də əlavə etmiş, onun mahiyyətini açıqlamış və Cəbrayıl şivəsinin keçid xarakterli olmasını müəyyənləşdirmişdir. Onun qənaətinə görə, qərb və cənub ləhcələrinin sərhədləri bu şivədə başa çatır, buna görə də Cəbrayıl şivəsində hər iki ləhcənin xüsusiyyətləri işlənməkdədir. Bu fikri görkəmli dialektoloq, akad. M.Şirəliyev və digər mütəxəssislər elmi yenilik kimi qəbul etdilər. Bundan sonra dialektologiyada keçid şivələr anlayışı geniş şəkildə işlənməyə və tədqiq olunmağa başladı.

 

T.Hacıyev 1962-1967-ci illərdə M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunda əvvəlcə müəllim, sonra dosent (1965-ci ildən) işləmiş, 1968-ci ildən pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Universitetində davam etdirmişdir. 1969-cu ildə 32 yaşında «XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili» mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1971-ci ildə professor elmi adına layiq görülmüş, 1984-cü ildən 2015-ci ildək  Türkologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Bu illərdə türkologiyanın tədrisində, milli kadrların hazırlanmasında mühüm əməyi olmuşdur. Eyni zamanda 30-a qədər dərslik, monoqrafiya, 500-dən artıq elmi və publisistik məqalə yazmışdır.

 

Alim elmi yaradıcılığa dilçi-dialektoloq kimi başlasa da, daha çox dil tarixi və ədəbi dil məsələlərini tədqiq etmişdir. 1976-cı ildə «Azərbaycan ədəbi dili tarixi» kitabı çap olunmuşdur. Kitabda öncə xalqımızın və dilimizin tarixi ilə bağlı mövcud saxta, qondarma fikirlər təkzib olunur, tarixi mənbələr və faktlar əsasında Azərbaycan ərazisində ən qədim dövrlərdən türk tayfalarının yaşaması sübuta yetirilir. II minilliyin əvvəllərində oğuz-səlcuqların regiona yürüşü isə yerli əhalinin mövqeyi gücləndirmişdir. Bəzi alimlər buna etiraz etsələr də, alimin tutarlı faktları qarşısında arqumentlərinin zəif olmasını görüb susmuşdurlar. Bundan əlavə, ədəbi dillə bağlı «XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili» (1977), «Azərbaycan dili tarixi» (1983 – K.Vəliyevlə şərikli), «Azərbaycan ədəbi dili tarixi» (II hissə – 1987), «Azərbaycan dili» (1993 – Z.Budaqova ilə şərikli), «Azərbaycan ədəbi dili tarixi» (1991 – şərikli) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir. 2012-ci ildə «Azərbaycan ədəbi dilinin tarixi» dərsliyi təkmilləşdirilmiş şəkildə iki cilddə nəşr olunmuşdur. Alim əvvəlki fikirlərini daha da dərinləşdirərək, yazıya qədərki dil faktlarından çıxış edərək, Azərbaycan-türk xalq dilinin e.ə. II minillikdən formalaşmaya başlaması fikrini irəli sürdü. Hazırda bu fikirlər elmi ictimaiyyət tərəfindən müdafiə olunur, tədqiqatlar bu istiqamətdə aparılır.

 

Klassiklərimizin dili-üslubu ilə bağlı «Satira dili» (1975), «Yazıçı dili və ideya bədii təhlil» (1979), «Molla Nəsrəddinin dili və üslubu» (1983), «Füzuli: dil sənətkarlığı» (1994) kitabları və onlarla məqalələri tarixi üslubiyyat sahəsində ən qiymətli örnəklərdir.

 

Müstəqillik illərində T.Hacıyev ümumtəhsil məktəbləri üçün proqram və dərsliklərin hazırlanmasında təşkilatçı və müəllif kimi iştirak edir. Onun rəhbərliyi ilə yeniləşdirilmiş «Orta ümumtəhsil məktəblərinin V–XI sinifləri üçün türk dili proqramı» (1993) çap olunmuşdur. İlk dəfə orta məktəblər üçün «Türk dili» IX sinif üçün (1994 – şərikli), «Türk dili» X–XI siniflər üçün (şərikli) dərslikləri nəşr edilmişdir. Bu dərsliklər 1997–1998, 2000,2004, 2005, 2009-cu illərdə «Azərbaycan dili» adı ilə təkrar çap olunmuş, hazırda orta məktəblərdə dərslik kimi istifadə olunur. T.Hacıyev təkcə dilçiliklə deyil, eyni zamanda ədəbiyyat məsələləri ilə məşğul olur. Onun «Sabir: qaynaqlar və sələflər» (1980), «Şeirimiz, nəsrimiz, ədəbi dilimiz, düşüncələrimiz» (1999), «Üzeyir Hacıbəylinin bədii dili» (2014) kitabları, «Türk dünyası ədəbiyyatı tarixi» (30 cilddə – Ankara), «Üzeyir Hacıbəyov ensiklopediyası» (1996), «Azərbaycan ədəbiyyatı tarixi» (6 cilddə – 2004) kitablarında həmmüəllifliyi, kollektiv tərəfindən ali məktəblər üçün hazırlanmış «Azərbaycan sovet ədəbiyyatı» (1998) dərsliyində müəllif kimi iştirakı onun ümumi filoloji yaradıcılığının nəticəsidir.

 

«Dədə Qorqud kitabı» abidəsinin, alimin öz təbiri ilə desək, «Ana kitabımız»ın nəşri, tədqiqi və təbliği onu daim düşündürmüşdür. Son dövrlərdə respublikamızda abidəyə marağın artması, «Dədə Qorqud»un 1300 illik yubileyinin, kollokviumların, konfransların və Dədə Qorqud günlərinin təntənəli keçirilməsi Tofiq Hacıyevin bu sahədəki elmi fəaliyyəti və türkologiyada nüfuzu ilə bağlıdır. «Dədə Qorqud: dilimiz, düşüncələrimiz» (1999) və «Dədə Qorqud kitabı: tariximizin ilk yazılı dərsliyi» (2014) monoqrafiyalarında, «Dədə Qorqud kitabı» (ensiklopedik lüğət – 2004), «Dədə Qorqud dünyası» (2004), «Qorqud ədəbiyyatı» (2004), «Kitabi-Dədə Qorqud» (əsli və sadələşdirilmiş mətn – 2004) kitablarında, eləcə də müxtəlif illərdə respublikamızda və xaricdə nüfuzlu toplularda çap olunmuş 30-dan artıq məqaləsində abidənin yazılma tarixi, coğrafi koordinatları, oğuzların mənşəyi, dövlət quruluşu, kültürü və dili ilə bağlı bir çox mübahisəli məsələlər tam elmi həllini tapmışdır. Bu tədqiqatlar respublikamızda «qorqudşünaslığın» formalaşmasında və inkişafında, abidə ilə bağlı araşdırmaların intensivləşməsində xüsusi önəm daşıyırdı.

 

T.Hacıyev müəyyən müddət Azərbaycan Respublikasının maarif naziri vəzifəsində (1993) işləmiş, 1999-cu ildə əməkdar elm xadimi adına layiq görülmüşdür. İstər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamızda və xaricdə beynəlxalq konfrans və simpoziumlarda dilçiliyimizi ləyaqətlə təmsil etmişdir. Sovet dönəmində Kişinyov, Odessa, Nalçik, Tbilisi, Moskva, Alma-Ata, Düşənbə, Nukus, Bişkək, Ufa və b. şəhərlərdə keçirilən ümumittifaq konfranslarda maraqlı məruzələrlə çıxış etmişdir. Son dövrlərdə Qayseri (1990), Tehran (1993, 1995), Antalya (1993), Bakı (1992, 1994, 1996, 2014), Ankara (1996, 1997, 2002), Urmiya (1997), Bursa (1996), Konya (1998), Təbriz (1998), İzmir (2000), Tirana (2013) və b. şəhərlərdə keçirilən beynəlxalq konfranslarda məruzələri rəğbətlə qarşılanmışdır.

 

Tərcümə sahəsində də onun fəaliyyəti uğurla nəticələnmişdir. Türk dünyasının nadir əsərlərindən olan B.Serebrennikov və N.Hacıyevanın «Türk dillərinin müqayisəli tarixi qrammatikası» (2002), Murad Adcinin «Qıpçaq çölünün yovşanı» (1997) və «Dünya və türk: munis tariximiz» (2006), Mikayıl Bastunun «Şan qızı” dastanı və poetikası» (2005), İbn Mühənnanın «Hilyətül-insan və həlbətüllisan” (İnsanın bəzəyi və dilin sahəsi)» (2006) əsərlərini rus dilindən dilimizə tərcümə etmişdir. Atatürk Dil Qurumu B.Serebrennikov və N.Hacıyevanın məlum «qrammatika» kitabının əhəmiyyətini nəzərə alaraq, T.Hacıyevin tərcüməsində türk nüsxəsini Ankarada nəşr etmişdir. Bunları yalnız tərcümə əsərləri kimi qiymətləndirmək düzgün olmazdı, hər bir kitaba yazılan geniş ön söz və şərhlərdə alim mənbələrdən çıxış edərək türk dillərinin tarixi və mənşəyi ilə bağlı qaranlıq məsələlərə aydınlıq gətirmişdir.

 

2001-ci ildə AMEA-nın müxbir üzvü seçilir, 2009-cu ildə «Şöhrət» ordeni ilə təltif olunur. Pedaqoji və elmi fəaliyyətlə yanaşı, respublikamızın ictimai həyatında fəal iştirak edirdi. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında filologiya üzrə Ekspert Şurasının (2007-2012) və dilçilik üzrə Əlaqələndirmə Şurasının (2008–2014) sədri olmuşdur. Eyni zamanda Yazıçılar Birliyinin, Dövlət Dil Komissiyasının və Milli Məclisdə Toponimiya Komissiyasının üzvü, «Türkologiya» və «Dədə Qorqud» məcmuələrinin baş redaktoru olmuşdur.

 

T.Hacıyev sağlığında ədəbi məktəb yaratmış alimlərdəndir. Onun rəhbərliyi ilə 6 nəfər filologiya elmləri doktoru, 30-a yaxın fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur. Onun yetirmələri arasında xarici ölkə vətəndaşları da vardır; R.Özyürək, Sali Savaş (Türkiyə), Siyamək Hüseyinəlizadə, Mirəli Rizai (İran), Bibisara Mamedova (Türkmənistan) dissertasiya müdafiə edərək, hazırda öz ölkələrində bu məktəbin ənənələrini uğurla davam etdirirlər. Tofiq Hacıyev ədəbi məktəbinin nümayəndələri AMEA-nın həqiqi üzvü N.Cəfərov, professorlar E.Əzizov, S.Abdullayev, R.Əskər, E.Piriyev, S.Zeynalov, dosentlər Q.Abdullayeva, S.Sadıqova, A.Məmmədova, F.Kərimli və b. müxtəlif sahələrdə tədqiqatlar apararaq dilçiliyimizi inkişaf etdirirlər.

 

T.Hacıyev təkcə respublikamızda deyil, dünya miqyasında tanınır, əsərlərinə istinad olunur. 1995-ci ildən Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü olmuşdur. Elmi və ictimai fəaliyyətinə görə, 1998-ci ildə Türkiyə Cümhuriyyətinin «Ləyaqət nişanı» ilə təltif edilmişdir. Türkiyə Atatürk Kültür Qurumunun hazırladığı 30 cildlik «Türk dünyası ədəbiyyatı tarixi»nin müəlliflərindəndir. Türkiyənin Sanatçılar və Yazarlar Vəqfinin 2002-ci il üzrə «Türk dünyasına xidmət» medalının sahibidir. 2004-cü ilin mayında Qaraman Türk Dili mükafatına, həmin ilin iyulunda da isə Atatürk Dil Qurumunun Üstün Hizmət Baratına layiq görülmüşdür.

 

Dünya türkləri arasında ortaq türk dilinin reallaşması üçün çox çalışırdı. Keçən yüzilliyin 80-90-cı illərindən uluslararası türk dili qurultaylarındakı (1996, 1999, 2004) məruzələrində, müxtəlif toplulardakı məqalələrində, gündəlik mətbuatda və kütləvi informasiya vasitələrində çıxış və müsahibələrində, «Türklər üçün ortaq ünsiyyət dili» (2013) monoqrafiyasında ortaq dilin işləkliyini təmin edən vasitələri açıqlamış, türklər üçün əhəmiyyətini və vacibliyini xüsusi qeyd etmişdir. Alim bir çox türkoloqlar kimi məsələnin həllində yeni ədəbi dil yaratmağı məqbul hesab etmir, müasir türk dillərindən birini – Türkiyə türkcəsini ortaq ünsiyyət dili kimi seçməyi zəruri sayır ki, türklər fərqli coğrafiyalarda yaşasalar da bu dil vasitəsilə bir-birini asan, tərcüməsiz anlasınlar.

 

2013-cü ildə AMEA Dilçilik İnstitutuna direktor təyin olunur, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilir. Az müddətdə Dilçilik İnstitutunda struktur dəyişiklikləri aparılır, bəzi şöbələrin, xüsusilə «Dil tarixi və dialektologiya» və «Monitorinq» şöbələrinin fəaliyyəti gücləndirilir. T.Hacıyevin təşəbbüsü və təşkilatçılığı ilə 2014-cü ilin oktyabr ayında 20-dən artıq ölkənin tanınmış türkoloqlarının iştirakı ilə «Sələflər və xələflər» mövzusunda I Beynəlxalq simpoziumu keçirildi. «Bütöv Azərbaycanın dialektoloji atlasının hazırlanması» (5 cilddə) layihəsi çərçivəsində artıq «Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası» onun redaktorluğu ilə 4 dildə nəfis şəkildə çap olunmuşdur.

 

Görkəmli alimin ən böyük arzusu doğma Qarabağ torpaqlarının işğaldan azad olunması idi. Çox təəssüb ki, Qələbə sevincini yaşamağa ömrü yetmədi. 2015-ci il noyabrın 27-də qəflətən dünyasını dəyişməsi doğmalarını, dostlarını, həmkarlarını və tələbələrini dərindən sarsıtdı. Tofiq müəllim dünyasını dəyişsə də heç zaman unudulmadı, onu sevənlərin qəlbində əbədi yaşayır. Hər il doğum günündə onu tanıyanlar məzarını ziyarət eləyir, abidəsinin önünə gül-çiçək qoyur, ona ehtiramlarını bildirirlər. Allah əziz müəllimimizə rəhmət eləsin, yeri uçmaq olsun.

 

Məhərrəm Məmmədli,

BDU-nun Türkologya kafedrasının professoru

filologiya elmləri doktoru

Xəbər lenti