Logo

BDU-nun Filologiya fakültəsində görkəmli türkoloq akademik Tofiq Hacıyevin 85 illik yubileyi qeyd olunub

01.05.2021 13:29 419 baxış
IMG

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Türkologiya kafedrasının və “Türkoloji araşdırmalar” ETL-in təşkilatçılığı ilə görkəmli türkoloq akademik Tofiq Hacıyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş “Akademik Tofiq Hacıyev və türkologiyanın aktual problemləri” mövzusunda onlayn elmi seminar keçirilib. Tədbir akademik T.Hacıyevin həyat və fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlayıb.

 

“Türkoloji araşdırmalar” ETL-in elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramovun moderatorluğu ilə keçirilən seminarı giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı Elçin Məmmədov akademik Tofiq Hacıyevin Azərbaycan elmi və təhsili sahəsində müstəsna xidmətləri ilə yadda qaldığını diqqətə çatdırıb. Bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əzəli və əbədi torpaqlarımızın, o cümlədən müharibənin ilk günlərində T.Hacıyevin doğulduğu Cəbrayıl rayonunun işğaldan azad olunması ilə onun böyük arzusu həyata keçib. Və bu gün biz böyük sevinclə doğma torpaqlarımıza qayıdırıq və inanırıq ki, gələcək illərdə onu yubileyləri Qarabağımızda da qeyd olunacaq.

 

BDU-nun Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov alim və müəllim kimi Tofiq Hacıyevin bənzərsiz şəxsi keyfiyyətlərindən, onun Azərbaycan türkologiyasına gətirdiyi yeniliklərdən, dil tarixşünaslığında məktəb yaratmasından, çoxcildli “Seçilmiş əsərləri”nin nəşrindən danışıb.

 

Sonra söz məruzəçilərə verilib. Professor Elbrus Əzizov “Görkəmli türkoloq, böyük müəllim” adlı məruzəsində T.Hacıyevin türkoloji dilçiliyin mühüm problemlərinə həsr olunmuş araşdırmalarından, dosent Qızılgül Abdullayeva isə “Akademik Tofiq Hacıyevin şah əsərində ilklər” adlı məruzəsində dilçi alimin ədəbi dilin yazıyaqədərki və yazılı dövrü ilə bağlı elmə gətirdiyi yeniliklərdən, Azərbaycan xalqının və dilinin etnik kökü, etnogenezisi, təşəkkülü, eləcə də milli dilin yaranma tarixinə həsr olunmuş görüşlərindən bəhs edib.

 

Məruzələrin ardınca Türkologiya kafedrasının dosentləri - İslam Vəliyev “Azərbaycan dili tarixşünaslığında məktəb yaratmış alim”, Sevda Sadıqova “Tofiq Hacıyevin araşdırmalarında “Şan qızı” dastanı”, Afaq Məmmədova isə “Qorqudşünaslıq”da T.Hacıyevin rolu” adlı mövzularla çıxış ediblər.

 

Sonda mərhumun ailə üzvləri adından çıxış edən nəvəsi - AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Turan Hüseynova tədbirin təşkilinə görə fakültə rəhbərliyinə və məruzəçilərə təşəkkürünü bildirib, görkəmli dil tarixçisinin türklər üçün ortaq ünsiyyət dili məsələsinə həsr olunmuş araşdırmalarından, bu istiqamətdə beynəlxalq tədbirlərdə səsləndirdiyi fikirlərdən bəhs edib.

Xəbər lenti