Logo

WorldSkills Azerbaijan peşə təhsil müəssisələri arasında xalçaçılıq müsabiqəsi elan edir

30.04.2021 11:57 477 baxış
IMG

WorldSkills Azerbaijan platforması milli xalçaçılıq irsimizin qorunması və xalçaçılıq sənətinə marağın artırılması məqsədilə peşə təhsil müəssisələrinin tələbələri və yeni məzunları arasında “Bacarıqlı ol! – Milli irsimizi yaşat!” adlı xalçaçılıq müsabiqəsi elan edir.

   

“Qarabağ”, “Milli irsimiz” və “Əyalətim” adlı üç kateqoriya üzrə mübarizə aparacaq müsabiqəçilər hazırda bu ixtisasın tədris olunduğu 16 peşə təhsili müəssisələri tərəfindən daxili seçim əsasında müəyyən ediləcəklər. 30 aprel-15 may tarixlərində davam edəcək müsabiqədə seçilmiş iştirakçıların müvafiq kateqoriyaya uyğun xalçalar hazırlaması nəzərdə tutulur. “Qarabağ” və “Milli irsimiz” mövzuları üzrə eskizlər müsabiqə təşkilatçıları, “Əyalətim” mövzusu üzrə isə peşə təhsil müəssisələri tərəfindən müvafiq regionu təmsil etmələri üçün sərbəst şəkildə müəyyən olunur.  Hazırlanmış xalçalar münsiflər heyəti tərəfindən eskizə uyğunluq, tikiş texnikası və rəng yaradıcılığı kimi meyarlar əsasında qiymətləndiriləcək.

   

Yarışın sonunda ən yaxşı xalça müəllifi olan tələbələr, onların ustaları və təmsil etdikləri peşə təhsil müəssisələri müxtəlif kateqoriyalar üzrə mükafatlandırılacaqlar.

   

Qeyd edək ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiyadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.

Xəbər lenti