BSU-da “Söz azadlığı və ictimai məsuliyyət” mövzusunda seminar keçirilib
Aprelin 23-də Bakı Slavyan Universitetində (BSU) “Söz azadlığı və ictimai məsuliyyət” mövzusunda maarifləndirici seminar təşkil olunub. Tədbir universitetin Jurnalistika kafedrasının təşəbbüsü ilə baş tutub və medianın cəmiyyətdəki rolu, söz azadlığının mahiyyəti, eyni zamanda, bu azadlığın ictimai məsuliyyətlə vəhdətdə olması mövzusuna həsr olunub.
Seminarda BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə iştirakçılara Azərbaycan mətbuatının tarixi inkişaf yolu həmçinin söz azadlığına siyasi və hüquqi yanaşmalar, Azərbaycan mətbuatının yeni media erasına keçidi, bu sahədəki çağırışlar və perspektivlər mövzusunda geniş məlumat verib. V.Rəhimzadə, eyni zamanda, Prezident İlham Əliyevin mətbuata göstərdiyi yüksək diqqət və qayğını vurğulayaraq, bu qayğının KİV-in inkişafında keyfiyyətcə yeni mərhələnin başlanmasına zəmin yaratdığını qeyd edib.