Logo

“Peşə təhsili və insan kapitalı” jurnalı çapdan çıxıb

25.04.2021 12:25 470 baxış
IMG

“Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalın 2021-ci il üçün 1-ci nömrəsi (Cild 4, №1, 2021) çapdan çıxıb. Jurnalın bu sayında rəsmi şöbə bölməsində  Təhsil naziri Emin Əmrullayevin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak etmək üçün Türkiyəyə səfəri ilə bağlı ətraflı  yazı dərc olunub.      

 

Jurnalın pedaqogika bölməsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Xuraman Hümmətovanın dahi Azərbaycan şairi  Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunan “Nizami Gəncəvinin “Xosrov və Şirin” məsnəvisində əxlaqi-mənəvi saflaşmanın yolları”, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, professor, Əməkdar müəllim Cəlal Qasımovun  “Novruz, yaxud milli yaddaşdan qaynaqlanan  bayram”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantı Röya Cəfərlinin  “Professor B.B.Komarovskinin həyatı və elmi-pedaqoji fəaliyyəti”, “Ahəng” Psixologiya Reabilitasiya İnkişaf  Mərkəzinin rəhbəri Vüsalə Əmiraslanovanın “Yeniyetməlik psixologiyası” adlı məqalələri yer alıb.

 

Mətbu orqanın iqtisadiyyat  bölməsində Bakı Dövlət Universitetinin İqtisadiyyat  kafedrasının professor  əvəzi, iqtisad elmləri doktoru Pəri Həsənovanın “Peşə iqtisadiyyatı”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlının “Qarabağ memarlığında konstruksiya özəlliyi və bədii memarlıq elementləri”, Azərbaycan Dövlət Aqrar Universitetinin doktorantı Elay Zeynallının “Səmərəliliyin maliyyə göstəriciləri” başlıqları altında yazıları öz əksini tapıb.

 

Təqdim olunan jurnalın bu sayında oxucular adları qeyd olunanlarla yanaşı, həmçinin texnika, idarəetmə, beynəlxalq əlaqələr (layihələr, təcrübələr), metodika və innovasiyalar bölmələri üzrə də  bir-birindən maraqlı məqalələrlə, elmi, metodiki yazılarla tanış ola bilərlər.

 

Qeyd edək ki, təsisçisi Azərbaycan Respublikası Təhsil Nazirliyi olan “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnal  ildə 4 dəfə nəşr olunur. Jurnalda pedaqogika, texnika, iqtisadiyyat, informatika, ekologiya və digər fundamental elm bölmələri üzrə məqalələr, metodiki yazılar verilir.

 

Samirə KƏRİMOVA

Xəbər lenti