Logo

“Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı: Türk dünyasının qürur mənbəyi, cahan ədəbiyyatının zirvəsidir”

24.04.2021 10:46 819 baxış
IMG

"Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı: Türk dünyasının qürur mənbəyi, cahan ədəbiyyatının zirvəsidir" Azərbaycan-Özbəkistan beynəlxalq müsabiqə elan olunub.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə "Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı: Türk dünyasının qürur mənbəyi, cahan ədəbiyyatının zirvəsidir" adlı beynəlxalq müsabiqəyə start verib.

 

Azərbaycan Mədəniyyət Mərkəzi, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə keçirilən beynəlxalq müsabiqənin əsas məqsədi Türk dünyası ədəbiyyatının, hər iki mütəfəkkirin yaradıcılığının daha geniş təbliği, xalqlar arasında dostluq, tarixi və ədəbi əlaqələrin gənc nəsilə çatdırılması, xalqlarımızın yetirmələri Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irslərinə, milli mədəniyyətimizə yeni töhvələrin verilməsidir.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən mətbuata verilən məlumata görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi ili"nin elan edilməsi, dahi şairin 880 illik yubileyi, habelə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin "Əlişir Nəvainin 580 illik yubileyinin geniş keçirilməsi haqqında" Sərəncamına əsasın müsabiqədə hər iki dahi şairin yaradıcılıqlarına geniş nəzər salınacaq və əhatə olunacaqdır.

 

Müsabiqədə hər iki ölkədə fəaliyyət göstərən universitetlər, elm və mədəniyyət müəssisələri, alim və tədqiqatçılar, sənət adamları, jurnalistlərin iştirakı nəzərdə tutulmuşdur.

 

Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçiriləcək:

 

"Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı: Türk dünyasının qürur mənbəyi, dünya poeziyasının zirvəsi" mövzusunda elmi monoqrafiya və elmi-tədqiqat əsəri; "Nizami Gəncəvi və Əlişir Nəvainin dünya mədəniyyətinə, ədəbiyyatına verdiyi təhvələr və nə üçün türk xalqları onların şəxsiyyəti, yaradıcılıqları ilə fəxr etməlidirlər? " mövzusunda ən yaxşı esse yazı; Təsviri sənətdə Nizami Gəncəvi və Əlişir Nəvai əsərləri və miniatürləri" - gənclər arasında ən yaxşı rəsm əsəri; "Nizami Gəncəvi və Əlişir Nəvai: şairlərimizin ilham mənbəyi, ədəbiyyatımızın intibah dövrü, ədəbi əlaqələrimizin zirvəsi" mövzusunda Azərbaycan və Özbəkistan mətbuatında (sayt, qəzet, jurnal) və televiziya kanallarında ən maraqlı məqalələr və televiziya proqramları.

 

Qeyd edək ki, müsabiqə bu il aprelin 22-də başlayacaq və ilin sonunda 1 dekabr tarixində başa çatacaq.

 

Hər nominasiya üzrə birinci, ikinci və üçüncü yerin sahibləri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin pul mükafatları və təşkilat komitəsinin fəxri fərmanları ilə mükafatlandırılacaqlar. Qalib gələn elmi monoqrafiya Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində iki dildə nəşr olunacaqdır.

 

Müsabiqəyə dair şərtlər və geniş məlumat Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Veb-saytında yerləşdiriləcəkdir:

 

http://azculture.uz/musabiqeler.php?link=musabiqeler

 

Müsabiqənin Təşkilat Komitəsində hər iki ölkənin tanınmış alimləri, ədəbiyyatşünasları yer alacaq və qalib gələcək işlər Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda müxtəlif ali məktəblərdə, mədəniyyət müəssisələrində yaradılan Azərbaycan ocaqlarına hədiyyə olunacaqdır.

Xəbər lenti