Logo

Koreya türkoloqu Bəxtiyar Vahabzadə mükafatına layiq görülüb FOTO

24.04.2021 10:42 737 baxış
IMG

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi tanınmış Koreya türkoloqu, professor Eunkyung Ohu Bəxtiyar Vahabzadə mükafatı ilə təltif edib.

 

Koreyalı türkoloq bu yüksək mükafata Azərbaycan ədəbiyyatının tədqiqi, təbliği və tərcümə sahəsindəki fəaliyyətinə görə layiq görülüb.

 

Eunkyung Oh Donkduk Qadınlar Universitetinin professoru, Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, ingiliscə yayımlanan “Avrasiya Türkoloji Araşdırmalar” dərgisinin baş redaktoru, UNESCO-nun Orta Asiya ölkələri üzrə təmsilçisi, Özbəkistan Elmlər Akademiyasının üzvü, nazir səviyyəsində Koreya prezidentinin müşaviridir.

 

Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olan müəllifin nəşr olunmuş elmi araşdırmaları içərisində “Türk ədəbiyyatında Koreya savaşı” (türkcə), “XX yüz il Türkiyə və Koreya ədəbiyyatında qadın” (türkcə), “Örtü içində İslam qadını”, “Psixoanalitik baxımdan İslamda qadın kimi yaşamaq” (Koreya dilində), “Türkiyə və Koreya qəhrəmanlıq dastanlarının müqayisəli təhlili: “Alpamış” və “Jumong” (özbəkcə və rusca) kitabları xüsusi yer tutur.

 

Eunkyung Oh, Yaşar Kamalın “İlanı öldürsələr”, “Ağrı dağı əfsanəsi”, “Minboğalar əfsanəsi”, “İncə Məmməd”, Murad Tuncelin “İnanna” romanlarını, Bəxtiyar Vahabzadənin “Gülüstan” adlı şeirlər və poemalar toplusunu Koreya dilinə tərcümə edib. O, eyni zamanda, Koreya ədəbiyyatının bir çox görkəmli sənətkarlarının əsərlərini müxtəlif türk dillərinə çevirib.

 

Onun “XX yüz il Türkiyə və Koreya ədəbiyyatında qadın” monoqrafiyası 2020-ci ildə Azərbaycanda nəşr olunub. Həmin kitaba görə müəllif AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun “İlin alimi” adına layiq görülüb.

 

Eunkyung Oh ictimai fəaliyyətlə də məşğul olmaqdadır. Onun araşdırmalarında Dağlıq Qarabağ problemində Azərbaycanın ədalətli mövqeyi müdafiə olunur, 20 Yanvar və Xocalı faciələrinin gerçək mahiyyəti aşkarlanır. Qarabağın işğaldan azad edilməsi uğrunda aparılan 44 günlük savaş dönəmində o, Koreya mətbuatında erməni şovinistlərinin yalanlarını, beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərini aşkara çıxaran, fakt və sənədlərə söykənən elmi məqalələrlə çıxış edib.

 

Türk xalqlarının əksəriyyətinin dillərini mükəmməl şəkildə bilən tədqiqatçı çoxsaylı araşdırmalarla yanaşı, bu xalqların həyatından bəhs edən sənədli filmlərin müəllifidir.

 

Hazırda onun redaktorluğu ilə Koreya dilində “Türk Dünyası Ensiklopediyası” nəşrə hazırlanır.

 

Mükafatın təqdimatı pandemiya ilə bağlı məhdudiyyətlər bitəndən sonra uyğun vaxtda gerçəkləşəcək.

 

Xəbər lenti