Logo

“BACARIQLI OL” Usta yanında öyrənmə proqramı uğurla davam edir

23.04.2021 12:13 385 baxış
IMG

“BACARIQLI OL” Usta yanında öyrənmə proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi “BAZARSTORE” MMC supermarketlər şəbəkəsi ilə 3 Mart 2021-ci il tarixindən etibarən icra edilən “Satıcı – Kassir” ixtisası üzrə qısa müddətli ödənişsiz hazırlıq təlimləri uğurla davam edir.

      

On iki həftəlik təlim proqramını əhatə edən layihənin səkkiz həftəsi artıq arxada qalıb. Proqram nəzəri və praktiki bilik və bacarıqları özündə birləşdirir.  Beləki, həftənin 2 günü müdavimlərə onlayn nəzəri dərslər keçirilir, növbəti 3 gün isə onlar Bazarstore MMC-nin “Qara Qarayev”, “Xətai” və “Nəsimi” mağazalarında 9 nəfər ustanın rəhbərliyi ilə təcrübə qazanırlar.

      

Təlimin sonunda iştirakçılar sertifikatla təmin olunacaq və ən əsası qiymətləndirmə nəticələrinə görə ən yüksək bal toplamış 5 müdavim “BAZARSTORE” MMC adından əlavə olaraq mükafatlandırılacaq. Təlimi uğurla başa vuran müdavimlər/təcrübəçilər “BAZARSTORE” MMC mağazalar şəbəkəsində işləmək imkanı qazanacaqlar. Həmçinin təlim proqramı müddətində müdavimlərə yol xərci ödənilir, praktiki təlim zamanı müdavimlər uniforma və qida ilə təmin olunurlar. Əlavə olaraq onu vurğulamaq istərdik ki, proqram müdavimləri təlim müddətində Fərdi Qəza sığortası ilə sığortalayır.

      

31 May tarixinədək davam edəcək təlimin məqsədi peşə təhsili müəssisələrində təhsil alan tələbələrin və işsiz şəxslərin praktiki formada təcrübələrinin təşkili, habelə peşə təhsilinin əhatə dairəsinin genişlənməsini təmin etməkdir.

      

Qeyd edək ki, tələbənin real işdə “təcrübəyə əsaslanan öyrənmə” metodu üzrə həyata keçirilən proqram nəzəri biliklərin peşə təhsili müəssisəsində, praktiki biliklərin, bacarıq və səriştələrin isə paralel olaraq tərəfdaş şirkətdə real iş mühitində əldə edilməsini təmin edir.

Xəbər lenti