Logo

Bu gün Azərbaycan əsgəri silahı ilə tarix yazır

09.10.2020 18:26 482 baxış
IMG

“Azərbaycana qarşı ikili standartlardan istifadə edən dünyanın qlobal güclərinin etmək istəmədiyini bu gün igid əsgərlərimiz əzm, iradə, cəsarət və böyük ruh yüksəkliyi ilə həyata keçirirlər. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr birmənalı olaraq göstərir ki, işğal altında olan torpaqlarımızın azad olunması bizim haqqımızdır və bunu qürur hissi ilə yerinə yetiririk”.

Tehsil.biz xəbər verir ki. bu fikirləri NUHÇIXAN İnformasiya Agentliyinə müsahibəsində AMEA Naxçıvan Bölməsi, Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent  Qulu Həziyev deyib. Alim bildirib ki, öz qətnamələrinə məhəl qoymayan BMT-nin Təhlükəsizlik Şurası, həmişə ermənilərin işğal faktını dəstəkləyən ATƏT-in Minsk Qrupu və bəzi iri dövlətlər bu gün təşviş içərisindədir. Onlar artıq görürlər ki, Azərbaycan öz torpaqlarını azad etməyə qadirdir və bunda qərarlıdır. 30 il Azərbaycanın haqq səsini eşitməyənlər indi atəşkəs tələb edirlər. Biz dostlarımızın mənəvi dəstəyi ilə torpaqlarımızı son qarışına qədər düşməndən azad edəcəyik!

Azərbaycan əsgərinin silahı ilə zəfər tarixini yazdığına diqqət çəkən  Qulu Həziyev   vurğulayıb ki, mən də bir Azərbaycan vətəndaşı, xalqın bir övladı kimi ordumuzla fəxr edirəm. İnanıram ki, yaxın zamanlarda qürur mənbəyimiz olan üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarımızda dalğalanacaqdır və Azərbaycan xalqının həyatında yeni bir dövr, əbədiyyətə qədər davam edəcək xoşbəxtlik dövrü başlanacaqdır.

“Azadlıq üfüqlərində görünən qələbəyə doğru irəli! 30 ildən artıq bir müddətdə bu torpağa qurban getmiş şəhidlərimizin ruhu xatirinə irəli! Biz hamımız sənin yanındayıq”,- deyə rəsədxana direktoru bildirib.

Xəbər lenti