Logo

ADPU-nun professoru Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin “Təşəkkür Məktubu” ilə təltif edilib

22.04.2021 14:48 525 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, “ADPU-nun Türk Araşdırmaları Elmi-tədqiqat Mərkəzi”nin rəhbəri Elman Quliyev qazax ədəbiyyatı və mədəniyyətinin tədqiqi və təbliğindəki xidmətlərinə görə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin “Təşəkkür Məktubu” ilə təltif edilib.

 

Aprelin 21-də Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyində keçirilən təqdimetmə mərasimində Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdukərimov “Təşəkkür Məktubu”nu professor Elman Quliyevə təqdim edib.

 

Qeyd edək ki, Elman Quliyev türk dünyası ilə bağlı tədqiqatları ilə seçilir. 2020-ci il TÜRKSOY tərəfindən böyük qazax mütəfəkkiri Abay Kunanbayevin anadan olmasının 175 illiyi münasibəti ilə türk dünyasında “Abay ili” elan edilmişdi. “Abay ili” çərçivəsində professorun TÜRKSOY-un sifarişi ilə ərsəyə gətirdiyi və Ankarada nəşr olunaraq təşkilatın xətti ilə türk dünyasında yayımlanan “Abay Kunanbayev” kitabında ədibin həyatı, yaradıcılığı – lirikası, poema və nəsr yaradıcılığı geniş aspektdə tədqiqata cəlb edilib. Professor əldə etdiyi nəticələrə və beynəlxalq səviyyədə etdiyi məruzə və çıxışlarına görə həmçinin TÜRKSOY-un “Abay 175 il” medalı ilə təltif edilib.

 

ADPU-nun mətbuat katibi Cavid Hüseynov

Xəbər lenti