Logo

COP29 müddətində Bakı, Sumqayıt və Abşerondakı peşə məktəblərində dərslər distant formata keçiriləcək

07.11.2024 22:46 302 baxış
IMG

Nazirlər Kabinetinin Qərarına əsasən, noyabrın 14-dən 22-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formatda təşkil olunacaq. Bu qərar Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təhsil müəssisələrinin fəaliyyətinin səmərəli davam etdirilməsi məqsədilə qəbul edilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, bununla bağlı agentlik tərəfindən Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrinin rəhbərləri ilə onlayn görüş təşkil edilib. Görüşdə bu dövr ərzində peşə məktəblərinin tədrisin məsafədən təşkili üçün uyğun platformanı (Microsoft Teams, Zoom və s.) müəyyən etməsi, seçilən platformanın işçilər və şagirdlər üçün rahat və əlçatan olması və texniki problemlərin həlli üçün lazımi texniki dəstəyin təmin edilməsi mövzuları müzakirə edilib. Qeyd edilən müddətdə ümumi işçi sayının 30 faizə qədərinin növbəlilik əsasında işə cəlb olunması, 70 faizinin isə məsafədən (yaşayış yerini tərk etmədən) işləməsinin təmin edilməli olduğu müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, iş və istirahət günlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, tədris prosesinin fasiləsizliyini qorumaq məqsədilə noyabrın 16-da və 23-də (şənbə günləri) nəzərdə tutulan dərslər müvafiq olaraq noyabrın 12 və 13-də nəzərdə tutulmuş dərs cədvəlinə uyğun təşkil ediləcək.

Xəbər lenti