Logo

ADAU-da Şəhidlər Xatirə Kompleksi yenidən qurulub

06.11.2024 17:03 169 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Şəhidlər Xatirə Kompleksinin yenidənqurmadan sonra açılışı və 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhid ailələri, müharibə iştirakçıları və qazilərin iştirakı ilə Şəhidlər Xatirə Kompleksinin açılışı olub. Tədbir iştirakçıları universitetin şəhid tələbə və məzunlarının xatirəsinə ucaldılan guşənin önünə tər güllər düzərək, əziz xatirələrini dərin ehtiramla yad ediblər. Kompleksin ətrafında yerləşən Azərbaycan Bayrağı ordenli şəhid Şahlar Allahverdiyevin, Milli qəhrəmanlar Ənvər Fərəcovun və İxtiyar Qasımovun büstləri, həmçinin faşizm üzərində qələbənin rəmzi olan abidə əsaslı təmir edilib.

Daha sonra universitetin inzibati binasında 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib. Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, Vətən müharibəsində qazanılan şanlı Zəfərin dördüncü ildönümü münasibətilə universitet ərazisindəki Şəhidlər Xatirə Kompleksi yenidən qurulub. Burada yaradılan guşədə universitetin şəhid tələbə və məzunlarının fotoları öz əksini tapıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Zəfər Gününün Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən danışıb, torpaqlarımızın işğaldan azad olunmasında xalqın birlik nümayiş etdirdiyini diqqətə çatdırıb.

Türkiyənin Gəncə şəhərindəki baş konsulu Recep Öztop Azərbaycan–Türkiyə qardaşlığının sarsılmazlığından söz açıb, Şuşa şəhərinin işğaldan azad edilmə tarixinin təkcə Azərbaycan deyil, Türkiyə üçün də əlamətdar hadisə olduğunu bildirib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxışında İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərdiyi liderlik xüsusiyyətlərini vurğulayıb.

Şəhid Rəvan Daşdəmirovun atası Məzahir Daşdəmirov və ADAU-nun tələbəsi, Vətən müharibəsi iştirakçısı Eşqin Bayramov şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Tələbələrin hazırladığı vətənpərvər ruhlu mahnı və kompozisyalar nümayiş olunub.

Xəbər lenti