Logo

Azərbaycan İlahiyyat İnstitutunun Misirin əl-Əzhər Universiteti ilə əməkdaşlıq etməsinə dair fikir mübadiləsi aparılıb

06.11.2024 15:49 131 baxış
IMG

Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitində iştirak etmək üçün Azərbaycana gəlmiş Misirin Baş müftisi Nəzir Məhəmməd Ayad və Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin xarici əlaqələr üzrə müşaviri, Misirdə Azərbaycan diasporunun rəhbəri Seymur Nəsirov Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olublar.

İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, rektor Aqil Şirinov qonaqlara Aİİ-nin fəaliyyəti, hədəfləri haqqında geniş məlumat verib, mövcud ixtisaslar barədə danışıb. Görüşdə Misir–Azərbaycan əlaqələrinin inkişafı, əl-Əzhər Universiteti ilə gələcəkdə əməkdaşlıq münasibətlərinin qurulmasına dair fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqların Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin tələbələri ilə görüşü təşkil olunub.

Rektor çıxış edərək, “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Bakı Sammitinin ölkəmizdə təşkil olunmasının əhəmiyyətini diqqətə çatdırıb. Sammit çərçivəsində dini liderlərin İlahiyyat İnstitutunda tələbələrlə görüşünün təqdirəlayiq hadisə olduğunu xüsusilə vurğulayıb.

Misirin Baş müftisi Nəzir Məhəmməd Ayad çıxışında İslam dininin insana verdiyi dəyərlərdən söhbət açıb, Allahın hər bir şəxsə ən böyük ərməğanının elm olduğunu diqqətə çatdırıb. İnsanın yaradılanların ən üstünü olduğunu və kainatın bütünlüklə insana xidmət etdiyini vurğulayan müfti dini hökmlərdən və onların məqsədindən də ətraflı bəhs edib.

Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin xarici əlaqələr üzrə müşaviri, Misirdə Azərbaycan diasporunun rəhbəri Seymur Nəsirov çıxışında elmin əhəmiyyəti, ümumilikdə, Qurani-Kərimdə biliyi təşviq edən ayələr haqqında ətraflı danışıb. S.Nəsirov cahilliyin törətdiyi fəsadlara toxunub, tələbələrə əsl ziyalı kimi yetişmələri üçün səylə bilik qazanmağı tövsiyə edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Xəbər lenti