Logo

Dövlət qulluğuna qəbulda səriştə modelinin tətbiq olunması ilə bağlı hazırlıq işləri davam edir

06.11.2024 13:24 139 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda yeni qiymətləndirmə alətlərinin keyfiyyət parametrlərinə uyğunluğunu araşdırmaq məqsədilə sınaq imtahanı təşkil olunub.

DİM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, sınaq prosesinə müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarında işləyən dövlət qulluqçuları və ehtiyat kadrlar cəlb olunublar. Növbəti aylarda sınaq imtahanlarının davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, səriştə modeli dövlət qulluğuna qəbul, habelə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı namizədlərin komandada işləmək, effektiv kommunikasiya qurmaq, vəzifə öhdəliklərini icra edərkən məsuliyyət göstərmək, nəticələr əldə etmək və digər səriştələrini əsas meyar kimi götürməyi nəzərdə tutur. Bu yanaşma namizədlərin real iş mühitində davranışlarını proqnozlaşdırmağa fokuslanır, eyni zamanda, artıq dövlət qulluqçusu kimi fəaliyyət göstərən şəxslərin davranışlarının peşəkarlıq baxımından qiymətləndirilməsinə imkan verir.

Xatırladaq ki, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019 − 2025-ci illər üçün Strategiya”nın 5.4-cü bəndinə əsasən dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiq olunması ilə bağlı hazırlıq işləri davam edir. Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi səriştələrin qiymətləndirilməsi üçün beynəlxalq təcrübədə geniş istifadə olunan yeni alət – situasiya mühakimə testləri üzrə tapşırıqlar hazırlanır.

Xəbər lenti