Logo

ADU-nun əməkdaşları beynəlxalq kitab sərgisində iştirak ediblər

06.11.2024 10:03 178 baxış
IMG

2-10 noyabr tarixlərində Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşları-İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, yazıçı-dramaturq Cavid Zeynallı və Dünya ədəbiyyatı kafedrasının müəllimi, esseist, ədəbiyyatşünas Qismət Rüstəmov Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.
Sərgidə Cavid Zeynallının “Coğrafiya müəlliminin pencəyi”, Qismət Rüstəmovun “Gələcəyin tarixi” adlı Türkiyə türkcəsində nəşr olunmuş kitablarının imza günü keçirilib.
Ədiblər Azərbaycan yazıçılarının iştirakı ilə keçirilən panel müzakirələrdə də iştirak ediblər.  Keçirilən müzakirələrdə Qismət Rüstəmov “Sosial media çağında yazmaq” mövzusunda, Cavid Zeynallı isə hekayə və roman haqqında çıxış ediblər.

 Qeyd edək ki, TÜYAP kompleksində "Uşaqlıq şənlikdir" şüarı altında keçirilən İstanbul sərgisində Azərbaycan "fəxri qonaq ölkə" qismində iştirak edən ilk ölkədir. 
 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgi məkanında ölkəmizin böyük stendi qurulub.
Həmin stenddə ölkəmizdən 20-dən çox nəşriyyatın kitabları, ümumilikdə 2000-dən çox nəşr nümunəsi yer alıb.
Nəşrlər arasında Azərbaycanın dövlətçilik tarixi, Heydər Əliyev Fondunun ədəbiyyat və mədəniyyətimizlə bağlı nəşrləri, bədii ədəbiyyat nümunələri təqdim edilib.
Eyni zamanda, tanınmış və gənc yazarların Türkiyədə türk dilində nəşr olunmuş əsərləri də sərgilənib.
Sərginin bədii hissəsində Azərbaycanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.
Konsertdən sonra Azərbaycan stendində ziyarətçilərə milli şirniyyatlar təqdim olunub.
Səfər zamanı, Azərbaycan nümayəndə heyəti şəhərin Sarıyer rayonunda yerləşən Heydər Əliyev parkında xalqımızın Ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçinin abidəsini də ziyarət edib.

 

 

Xəbər lenti