Logo

Coğrafiyaçı alimlər şagirdlərə iqlim dəyişmələri barədə bilgilər veriblər

04.11.2024 15:08 138 baxış
IMG

Nəsimi rayonu 8 nömrəli məktəbin Azərbaycan və rus bölmələrinin Kiçik Akademiya üzvləri – VIII-X sinif şagirdləri Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda olublar.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbir Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a həsr olunub.

Görüşün təşəbbüskarı, Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi, eləcə də coğrafiya üzrə beynəlxalq müsabiqədən ölkəmizə 5 medal qazandıran coğrafiya müəllimi Yaşar Seyidəliyev şagirdlərin uğurları haqqında məlumat verib.

İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi dosent Həsən Nəbiyev dünyada və Azərbaycanda iqlimlə bağlı dəyişikliklər və anomaliyalar, ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma problemləri, müasir texnologiyaların iqlimin tədqiqində rolu, sinoptik proqnozların verilməsi və s. haqqında məlumat verib.

Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri professor Əmir Əliyev dənizdə baş verən səviyyə tərəddüdlərinin səbəbləri və proqnozları barədə məlumat verib. Alim səviyyə dəyişkənliyinə təsir edən qlobal iqlim dəyişiklikləri və antropogen təsirlərlə yanaşı, Xəzərdə baş verən seysmik və tektonik proseslərdən, dənizin özünəməxsus xüsusiyyətindən danışıb, 2050-ci ilədək səviyyənin enməsinin davam edəcəyini, sonrakı 200 ildə Xəzərin səviyyəsinin qalxacağını diqqətə çatdırıb.

GIS mütəxəssisi Nazim Gəraylı “Müasir coğrafiyanın trendləri və həllər” mövzusunda təqdimatla çıxış edib. Elmi işçi coğrafiyanın inkişafı, süni intellektin coğrafiyada tətbiqinin əhəmiyyəti, sinoptik proqnozların hazırlanmasında onlardan istifadə edilməsi haqqında məlumat verib. O bildirib ki, süni intellekt havanın keyfiyyətinin xəritəsinin yaradılmasında əsas rol oynayır, şəhər planlaşdırılmasının təkmilləşdirilməsinə, eləcə də nəqliyyat sistemlərinin və tullantıların emalı proseslərinin idarə olunmasına kömək edir.

Tədbirin sonunda Yaşar Seyidəliyev və məktəbin dərs hissə müdiri Safura İbrahimli belə görüşlərin şagirdlərdə coğrafiya elminə marağın artmasında, onların gələcək peşə yönümünün formalaşmasında böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.

Xəbər lenti