Logo

Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının iclaslarından biri AMEA-da keçiriləcək

04.11.2024 13:20 93 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının Filippinin paytaxtı Manila şəhərində keçirilmiş Baş Assambleyasının iclasında ölkəmizin elmi qurumunu təmsil edib.

AMEA-dan TƏHSİL.BİZ -ə bildirilib ki, Asiya Elmlər Akademiyasının Baş Assambleyasının iclasını bu təşkilatın Nizamnaməsinə əsasən tədbirin keçirdiyi ölkənin – Filippin Elm və Texnologiya Akademiyasının prezidenti professor Jaime Montoya açıb. Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev rəhbərlik etdiyi və 34 ölkənin elmlər akademiyalarını əhatə edən elmi qurumun üçillik fəaliyyətinə dair geniş hesabat məruzəsi ilə çıxış edib. Baş Assambleyanın plenar iclasında Cənubi Koreya Elm və Texnologiya Akademiyasının prezidenti professor Dohan Kim, Sinqapur Milli Universitetinin Elmi Tədqiqat Mərkəzinin direktoru professor B.Çovdari, Tokio Universiteti Araşdırma İnstitutunun direktoru Kenji Satake, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs ediblər.

Baş Assambleya çərçivəsində “Elmdə rəqəmsal transformasiyalar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda Türkiyə, Azərbaycan, Rusiya, Yaponiya, Hindistan, Malayziya, Tailand, Nepal Elmlər akademiyaları və universitetlərinin rəhbərləri və tanınmış alimlərinin, Asiya İnkişaf Bankının və Asiya İnformasiya Agentliyinin nümayəndələrinin məruzələri və çıxışları dinlənilib.

Sonra Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının 2027-2030-cu illər üzrə rəhbər heyətinin seçkiləri keçirilib. Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının növbəti dövr üçün prezidentliyinə İndoneziya Akademiyası tərəfindən namizədliyi irəli sürülmüş professor Satryo Soemantri Brodjoneqoqonun və Malayziya Elm və Texnologiya Akademiyasının prezidenti professor Rofina Yasmin Othmanın namizədliyi müzakirə olunub. Səsvermənin nəticələrinə görə İndoneziyanın elm və təhsil naziri professor Satryo Soemantri Brodjoneqoqo Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti seçilib.

Baş Assambleyanın iclasında, həmçinin Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının vitse-prezidenti və altı nəfərdən ibarət İdarə Heyətinin üzvləri seçiliblər.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Filippin və Yeni Zelandiya Elm və Texnologiya Akademiyalarının prezidentləri ilə görüşüb, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

Baş Assambleyanın iclasında Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının iclaslarından birinin AMEA-da keçirilməsi qərara alınıb.

Xəbər lenti