Logo

UNESCO üzv ölkələri elm və təhsildə gender bərabərliyini təmin etməyə çağırır

01.11.2024 15:11 159 baxış
IMG

UNESCO-nun G20 qrupu ilə birgə hazırladığı yeni hesabat elmi araşdırmalarda və peşələrdə qadınların xroniki olaraq zəif təmsil olunduğunu təsbit edib. Təşkilat ölkələri bu sahələrdə gender bərabərliyini mümkün qədər tez təmin etmək məqsədilə təsirli tədbirlər görməyə çağırıb.

TƏHSİL.BİZ təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, Braziliyanın G20-yə sədrliyi çərçivəsində ilk dəfə görüşən Qadın İnkişafı üzrə İşçi Qrupu çərçivəsində UNESCO G20 üzvlərinə “Bərabərlik meyarının dəyişdirilməsi” adlı hesabat və STEM sahələrində qadınların mövcudluğunun hərtərəfli icmalını təqdim edib.

Hesabat göstərir ki, G20 ölkələrində STEM peşələrində çalışan qadınların nisbəti 2021-ci ildə 22 faiz olub ki, bu da 2005-ci ildəki göstəricidən cəmi 3 faiz çoxdur. Amma bu, qənaətbəxş nəticə deyil. Hesabatda, həmçinin qeyd olunub ki, bu sahələrdə çalışan qadınlar daha az əməkhaqqı alır və karyera yüksəlişi üçün məhdud imkanlarla üzləşirlər.

UNESCO qeyd edir ki, G20-nin on ölkəsində STEM sahələrində çalışan qadınların orta əməkhaqqı kişilərin qazancının maksimum 88 faizini təşkil edir, dörd ölkədə isə hətta 75 faizdən də azdır. Elmi qrantlar bir çox tədqiqatçılar üçün əsas maliyyə resursudur, lakin 2023-cü ildə G20-nin on üzvü də daxil olmaqla, on üç ölkənin nümunəsində bu yardımı alan qadınlar ümumi göstəricinin yalnız 37 faizini təşkil edib.

Məktəbdə gender bərabərsizliyi artıq özünü büruzə verir. Davamlı gender qərəzliyi və ayrı-seçkilik səbəbindən, akademik nəticələr baxımından kişilərdən daha yaxşı nəticələr göstərməsinə baxmayaraq, G20 ölkələrində STEM universitetlərinin qadın məzunları cəmi 35 faizdir. Bu nisbət informasiya və kommunikasiya texnologiyalarında 29 faizə, mühəndislik, istehsalat və tikinti sahələrində isə cəmi 26 faizə bərabərdir. Bundan əlavə, STEM fənlərini öyrənən qadınların 40 faizindən çoxu gender zəminində pis davranışın qurbanı olduqlarını deyirlər.

UNESCO bu problemləri həll etmək üçün G20 ölkələrini, habelə təşkilata üzv dövlətləri qızlar və qadınlar üçün STEM sahələrində ədalətli və bərabər iş şəraitini təmin etmək məqsədilə gender bərabərliyi lehinə siyasi qərarlar qəbul etməyə çağırır.

Xəbər lenti