Logo

ADPU-da “STEAM təhsili - problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib

31.10.2024 12:04 151 baxış
IMG

Oktyabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin və fakültədə fəaliyyət göstərən STEAM Mərkəzinin təşkilatçılığı ilə “STEAM təhsili - problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib.

Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxışında ali təhsil ocağında STEAM təhsili ilə bağlı həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib. Rektor qeyd edib ki, universitetdə yaradılan STEAM Mərkəzinin dəstəyi ilə 8 ixtisas üzrə STEAM fənni tədris olunur. Mərkəz son illərdə müxtəlif beynəlxalq yarış və müsabiqələrdə universiteti uğurla təmsil edib.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov STEAM yanaşmasının tədrisdə rolu və yeri, bu sahədə beynəlxalq təcrübə və yeniliklər haqqında geniş məlumat verərək, STEAM-in əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasındakı əhəmiyyətindən söz açıb.

STEAM Mərkəzinin müdiri dosent Arzu Daşdəmirov qeyd edib ki, mərkəzin nəzdində “FabLAB” dərnəyi və “STEAMLAND” yaradılıb. ADPU-nu təmsil edən komandalar Türkiyənin Antalya şəhərində keçirilən “Robotex” beynəlxalq robototexnika müsabiqəsində iştirak edərək I və II yerlərə layiq görülüb və Estoniyanın ev sahibliyi edəcək dünya çempionatına vəsiqə qazanıblar.

Daha sonra məruzələr dinlənilib.

Sonra konfrans işini bölmələrdə davam etdirib.

Xəbər lenti