Logo

“İnnovativ məktəb” layihəsi çərçivəsində “Sahibkarlıq” fənni tədris edilir

30.10.2024 16:25 139 baxış
IMG

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və “ORT İsrail” məktəb şəbəkəsinin birgə əməkdaşlığı ilə həyata keçirilən “İnnovativ məktəb” layihəsi çərçivəsində seçilmiş məktəblərdə “Sahibkarlıq” fənni tədris edilir.

Layihə çərçivəsində ekspertlər tərəfindən “Sahibkarlıq” dərsliyi hazırlanıb. Bu dərslik ölkənin ümumi təhsil sistemində sahibkarlıq bacarıqlarının tədrisinə yeni yanaşmalar gətirməklə, təhsilin keyfiyyətinin artırılmasına və yenilikçi məktəb modellərinin qurulmasına yönəlib.

Dərslik VII sinif şagirdlərinə sahibkarlığın əsaslarını öyrətmək məqsədi ilə hazırlanıb və “spiralvari öyrənmə modeli” əsasında qurulub. Bu yanaşma şagirdlərə hər il öyrəndikləri mövzuları daha dərindən araşdırmaq imkanı verir. Tədris proqramı kreativ düşüncə, sosial bacarıqlar, maliyyə savadlılığı və məhsul dizaynı kimi mövzuları əhatə edərək şagirdləri gələcəkdə uğurlu sahibkar kimi yetişdirməyi hədəfləyir.

Qeyd edək ki, tədris ilinin əvvəlində “Sahibkarlıq” fənninin tədrisi üçün seçilmiş müəllimlər təlimləndirilmiş və onlara dərsliyin istifadəsi ilə bağlı detallı məlumatlar verilib. Hal-hazırda “Sahibkarlıq” fənni “İnnovativ Məktəb” layihəsi çərçivəsində VII və VIII siniflərdə tədris olunur.

Xəbər lenti