Logo

Elm və Təhsil Nazirliyində daha bir təcrübə imkanı

14.10.2024 09:52 219 baxış
IMG

Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən II “Maarifçi” tələbə-məzun təcrübə proqramı oktyabrın 7-dən başladı. 3 ay davam edəcək proqram çərçivəsində seçilən iştirakçılar Elm və Təhsil Nazirliyi, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. İştirakçılar onlar üçün təşkil olunan təlimlərdən yararlanacaq və sosial bacarıqlarını inkişaf etdirəcəklər. 

Qeyd edək ki, proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etməklə gənclərə peşəkar vərdişlər qazandırmaqdır. 

Proqrama qəbul bir mübarizə meydanıdır

Azərbaycan vətəndaşı olan, bakalavriat səviyyəsinin sonuncu kursunda və ya magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də təhsilini son 3 il ərzində başa vuran məzunlar proqrama qəbul olunurlar. Namizədlərin müraciət etmələri üçün elektron ünvan yaradılır. 

2000-dən artıq tələbə və məzunun qatıldığı II “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbul test və müsahibə mərhələlərindən ibarət olub. Əvvəlcə onlayn qaydada test imtahanı təşkil edilib. 1613 nəfərin iştirak etdiyi həmin imtahanın 277 nəfər uğur qazananı olub. Növbəti seçim mərhələsi - müsahibənin nəticəsində 46 namizəd seçilsə də, cəmi 37 nəfər təcrübəyə başlamaq imkanı əldə edib. 

Ancaq əsl mübarizə hələ indi başlayır

Ötən həftə “Maarifçi” tələbə-məzun təcrübə proqramına II seçim turunda uğur qazanan həmin namizədlərlə görüş keçirilib. Proqram çərçivəsində Gəncə-Daşkəsən və Mil-Muğan regional təhsil idarələri, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təcrübə keçəcək tələbə və məzunlar görüşə onlayn qaydada qatılıblar. Görüşdə I “Maarifçi” proqramının nazirlikdə işə başlayan uğurlu təcrübəçiləri də iştirak edib.

Onlara məlumat verilib ki, proqram çərçivəsində tələbə və məzunlar təcrübə keçməklə yanaşı, nazirliyin struktur bölmələrində həyata keçirilən layihə və proqramlarda, müxtəlif mövzular üzrə təlimlərdə, eləcə də təcrübəli rəhbər şəxslərlə mentorluq proseslərində iştirak imkanı qazanırlar. 

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli proqram iştirakçılarını salamlayaraq deyib ki, onlar burada həyat üçün vacib təcrübə qazanacaqlar. O, gənclərin təcrübə dövründə verəcəkləri töhfə ilə bütövlükdə ölkə təhsil sistemində dəyər yaratmış olacaqlarını qeyd edib. Proqrama yeni qəbul olunan namizədləri fəal olmağa çağıran Mətin Kərimli hər birinə uğurlar arzulayıb: “Əlimizdən gələni edəcəyik ki, siz öyrənəsiniz. Lakin bizim istəməyimiz kifayət etmir. Gərək siz də istəyəsiniz!”.

Müvəffəqiyyət sertifikatını kim alır?

Qeyd edək ki, proqramı uğurla başa vuranlara sonda  müvəffəqiyyət sertifikatı təqdim ediləcək. Proqramda uğur isə 4 meyar əsasında qiymətləndiriləcək. Əsas və ən böyük mərhələ olan təcrübə dövrünü 3 ay ərzində mentorlar dəyərləndirəcək. 

İkinci meyar təcrübəçinin təqdim etdiyi fərdi layihədir. 

Davranış səriştələri xüsusi texnika vasitəsilə qiymətləndiriləcək və nəhayət, təcrübəçilər davamiyyətinə görə də dəyərləndiriləcəklər.

Onlar ilk “Maarifçi”lərdir

Bu dəyərləndirmələrdən uğurla çıxanlardan biri Fidan Fərzəliyevadır. O, proqrama qoşulduğu həyəcanlı günlərdən danışıb: “Bu proqrama qoşulanda çox həyəcanlı idim. “Maarifçi” təcrübə proqramında keçirdiyim müddətdə mühüm təcrübələr qazandım və bu, nəinki təcrübə dövründə, eyni zamanda sonrakı karyera yolunda da mənə çox dəstək oldu. Hazırda Elm və Təhsil Nazirliyində Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsində mütəxəssis vəzifəsində çalışıram”.

F.Fərzəliyeva II “Maarifçi”lərə hədəflərini düzgün müəyyənləşdirməyi tövsiyə edir: “I “Maarifçi” proqramının uğur qazanan təcrübəçilərini göz önündə canlandıraraq öz yolunuzu və hədəflərinizi düzgün müəyyənləşdirin. Unutmayın ki, dəqiq təyin olunmuş hədəflərə çatmaq daha asandır, nəinki qaranlıq yolda irəliləmək”.

O, təcrübəçilərə 3 aylıq bu müddəti lazımınca dəyərləndirməyi tövsiyə edib.

I “Maarifçi” tələbə-məzun təqaüd proqramı çərçivəsində Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsində təcrübə keçən və uğur qazanaraq işə qəbul edilən Nurlan Əsədzadə də çox şey öyrəndiyini deyir: “Hər birinizə uğurlar arzulayıram və 3 ay müddətdən məharətlə istifadə edərək daha çox öyrənməyə çalışmağınızı tövsiyə edirəm”.

Xatırladaq ki, “Maarifçi” tələbə-məzun təcrübə proqramı ötən ilin oktyabrından icra olunur.

Proqram çərçivəsində iştirakçılar Gəncə, Şamaxı, Sabirabad, Salyan, Şəmkir rayonlarında olublar. 2024-cü il iyul ayının 1-də başa çatan proqramın 24 iştirakçısı olub. Onlardan 12-si  Elm və Təhsil Nazirliyinin strukturlarında işlə təmin olunub.

II “Maarifçi”lər: “Seçim prosesinin özü belə zövq verdi”

Bəs yeni təcrübıçilər nə deyir? Görəsən, onlar qarşıdakı 3 aydan nə gözləyirlər?

Əlvan Mayılov ADA Universitetində “Diplomatiya və Beynəlxalq münasibətlər” ixtisası üzrə magistr təhsili alır. Tələbəlik dövründə bir çox dövlət və özəl müəssisədə təcrübə keçib. Xüsusən beynəlxalq münasibətlər sahəsində uğurlu təcrübələri var. Ötən yay Azərbaycanın Rumıniyadakı səfirliyində öz ixtisası üzrə təcrübə  proqramına qatılıb. Milli Məclisdə maraqlı və zəngin təcrübə proqramından sonra Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Maarifçi” tələbə-məzun təcrübə proqramına qoşulmağının səbəblərindən danışıb: “Elm və təhsil ölkəmiz üçün önəmli sahələrin siyahısında vacib yerdədir. Digər sahələrin inkişafı da elm və təhsildən keçir. Mən də bu sahədə müəyyən təcrübəyə ehtiyac duydum. Məhsuldar və perspektivli kadrlardan biri olmaq üçün bu təcrübənin mənim üçün önəmli olacağını düşünürəm”.

Yeni “Maarifçi”lərdən biri də Əsmər Qarayevadır. O, Azərbacan Dövlət Neft və Sənaye Universitetinin “Beynəlxalq marketinqin idarə edilməsi” ixtisası üzrə IV kurs tələbəsidir. Bir neçə özəl şirkətdə təcrübə keçib, dövlət layihəsində də təcrübəsinin olması arzusu onu “Maarifçi” olmağa həvəsləndirib: “Öz bilik və bacarıqlarımı inkişaf etdirməyim üçün bu layihə çox böyük imkandır”.

Bu imkandan yararlana bilmək üçün əvvəlcə araşdırıb: “I proqramın iştirakçılarından biri bizim universitetin məzunlarındandır. Əvvəlki “Maarifçi”lərin nailiyyətlərinə baxdım, necə qəbul olunduqlarını araşdırdım. Layihəyə uyğun olduğumu düşünərək müraciət etdim”.

Əvvəllər müsahibələrə çox qatıldığı və təcrübə proqramlarında iştirak etdiyi üçün “Maarifçi” olmaq çətin olmayıb, ancaq ilk dəfə yaşadığı situasiyalar da yaranıb: “Daha fərqli idi, mənim üçün sahə üzrə suallar maraqlı oldu. Seçim prosesinin özü belə zövq verdi”. 

Tələbə-məzun təcrübə proqramından uğurla çıxarsa, özünü Elm və Təhsil Nazirliyinin hansı strukturunda gördüyünü də deyib: “İxtisasım “Marketinq” olduğu üçün düzgün təqdimat mənim üçün önəmlidir. Təhsilin düzgün təqdimatı və insanların maariflənməsində mənim rolum ola bilər”.

Xəbər lenti