Logo

İnsanlar niyə hər zaman səhv olmadıqlarını düşünürlər?

13.10.2024 22:19 542 baxış
IMG

Bəzən insanlar mübahisə zamanı özlərinin doğru olduğuna, qarşısındakının isə səhv etdiyinə əmin olurlar. Onlar özlərinə həddindən artıq inanaraq bu haqda yenə də səhv düşünürlər. “Plos One” jurnalında dərc olunan araşdırmaya görə, bu, insanların rəy yaratmaq üçün bütün lazımi məlumatlara sahib olduqlarına inandıqlarına görə baş verir. Ohayo Universitetinin professoru Anqus Fletşer bildirib ki, beynimiz çox az məlumatla ağlabatan bir nəticəyə gəlməyə həddindən artıq arxayındır. O, iki psixoloqla birgə insanların vəziyyətlər və ya insanlar haqqında necə mühakimə yürütdüklərini və onların sahib olduqları məlumatlara inamının bu mühakimələrə necə təsir etdiyini ölçmək üçün araşdırma aparıb.

Tehsil.biz “NBC News” telekanalına istinadla xəbər verir ki, araşdırma zamanı tədqiqatçılar orta yaşı 40 olan 1300-ə yaxın insanı məktəbdə su qıtlığı ilə bağlı uydurma bir hekayə oxumağa dəvət ediblər. Həmin tədqiqat həm də “izahedici dərinlik illüziyası” adlanan psixoloji fenomenlə paraleldir ki, bu da insanların bir mövzuda nə qədər biliyə sahib olduqlarını qiymətləndirməməsi deməkdir.

İştirakçılardan hekayəni oxuduqdan sonra məktəbdə nə etməli olduğuna dair fikirlərini və bu rəyi formalaşdırmaq üçün kifayət qədər məlumata malik olduqlarına inamlarını soruşublar. Araşdırma müəyyənləşdirib ki, insanlar yalnız bir rəyi oxuduqda, həmin fikirlə daha çox razılaşır və ümumiyyətlə, bu mövzuda kifayət qədər biliyə malik olduqlarına əmin olurlar. Yalnız bir nöqteyi-nəzərdən oxuyan qruplar, hər iki tərəfi əhatə edən nəzarət qrupundakılara nisbətən öz biliklərinə daha çox güvəndiklərini bildiriblər. Sonra hər qrupdakı iştirakçıların yarısına oxuduqları məlumatın əksinə olan yeni məlumatlar təqdim edilib. İnsanlar yalnız həll üçün arqumentləri oxuyanda öz fikirlərinə arxayın idilər, lakin bütün məlumatlarla qarşılaşdıqda fikirlərini dəyişməyə hazır olublar. Onlar, həmçinin bildiriblər ki, bu yeni məlumat qarşısında məsələ ilə bağlı öz fikirlərini formalaşdırmaq imkanlarına daha az arxayındırlar.

Fletşer bunu belə izah edir: “İnsanların öz mühakimələrinə sadiq qalacaqlarını düşünürdük, lakin onlar məntiqli görünən bir şey öyrənəndə fikirlərini dəyişməyə hazır oldular. Tədqiqatlar göstərir ki, insanlar bir vəziyyət haqqında bütün məlumatlara sahib olub-olmadıqlarını şübhə altına almırlar. Onlar bundan çox tez nəticə çıxarırlar. İnsanlar düşündüyümüzdən daha açıq fikirlidir və fikirlərini dərhal dəyişməyə hazırdırlar”.

Harvard Kennedi Hökumət Məktəbinin professoru Todd Rogers araşdırmanın nəticəsini “diqqət çatışmazlığı” kimi qiymətləndirib. Bildirib ki, bu araşdırma məlumat ətrafında psixoloji meyli ələ keçirir: “Bu vəziyyətin dərmanı “maraqlı və təvazökar olmaq” deyə ifadə edilir”.

İştirakçılar yeni məlumatlar təqdim olunduqda fikirlərini dəyişməyə hazırdırlar. Tədqiqatçılar bu araşdırmanın nəticəsini həm ümidverici, həm də təəccüblü hesab edirlər. Bu, bir az ümid verir ki, insanlar nəyisə bildiklərini zənn etdikdə belə, yeni dəlillərə əsaslanaraq fikirlərini dəyişməyə açıq ola bilərlər.

Xəbər lenti