Logo

Çində azərbaycanşünaslıq konfransı elmi əlaqələrin dərinləşməsi üçün platforma rolunu oynayıb

13.10.2024 22:18 436 baxış
IMG

Birinci Çin azərbaycanşünaslıq beynəlxalq konfransına həm Çində, həm də Azərbaycanda maraq böyük olub.

Pekin Xarici Dillər Universitetinin (PXDU) Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, konfransın təşəbbüskarı və sədri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev konfransın nəticələri ilə bağlı fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

Müsahibimiz qeyd edib ki, PXDU Çində azərbaycanşünaslığın təşəkkül tapıb inkişaf etdiyi ilk və yeganə ali təhsil ocağıdır. Təsadüfi deyil ki, 2015-ci ildə Çin Təhsil Nazirliyi məhz bu ali təhsil ocağında Azərbaycan dili ixtisasının təşkil olunması ilə bağlı qərar qəbul edib. Universitet 2018-ci ildə birinci, 2023-cü ildə ikinci dəfə Azərbaycan dili ixtisasına qəbul həyata keçirib. Bundan başqa, Azərbaycan dili kafedrasının yaradılması, lüğət və dərsliklərin tərtib olunması, Azərbaycan mədəniyyətinə dair monoqrafiya və məqalələrin dərc olunması, Çinin nüfuzlu universitetlərində mühazirələrin təşkili, digər tədbir və elmi layihələr Çində azərbaycanşünaslıq elminin başlanğıcı hesab oluna bilər.

PXDU-da azərbaycanşünaslıq konfransının keçirilməsinin bu proseslərin məntiqi davamı olduğunu bildirən Aqşin Əliyev bildirib ki, universitet rəhbərliyi Azərbaycan dili ixtisasının inkişafına xüsusi önəm verir, ali təhsil ocağında mütəmadi olaraq azərbaycanşünaslıq konfransının təşkil olunması ən yüksək səviyyədə dəstəklənir. Müsahibimiz konfransın təşkilində Heydər Əliyev Fondunun, Azərbaycanın Çindəki səfirliyinin və Çinin Azərbaycandakı səfirliyinin dəstəyini xüsusi vurğulayıb.

Aqşin Əliyev deyib ki, ilk azərbaycanşünaslıq konfransına həm Çində, həm də Azərbaycanda maraq böyük olub. Konfrans haqqında məlumat elan edilən kimi hər iki tərəfdən alim və gənc təqiqatçıların çoxsaylı müraciətləri daxil olub. Nəticə etibarilə konfransın şərtlərinə cavab verən 44 mütəxəssisin tezisi qəbul olunub. Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, Xəzər Universiteti, Dillər Universiteti, Dövlət İqtisad Universiteti, Dövlət İdarəçilik Akademiyası, Neftçala rayon Heydər Əliyev Mərkəzi, Xan Akadmiyasının alim və gənc tədqiqatçıları, eləcə də Çin İctimai Elmlər Akademiyası, Çin Dövlət Şurası yanında İnkişaf Mərkəzi, Pekin Xarici Dillər, Pekin Pedaqoji, Şanxay Xarici Dillər, Sıçuan, Ninqsia, Şərqi Çin Pedaqoji, Gonqşan, Hebey Xarici Dillər, Yənşan, Tienşui, Tiencin Pedaqoji və Yünan universitetlərinin, digər ali təhsil və elm ocaqlarının tanınmış çinli alimləri konfransda fəal iştirak edib, Azərbaycanla bağlı son elmi araşdırmalarını təqdim ediblər.

Konfransa xüsusi olaraq Çində təhsil alan azərbaycanlı doktorantlar da cəlb olunublar.

Tədbirin ilkin hədəflərinə nail olduğunu deyən A.Əliyev diqqətə çatdırıb: “Birincisi, Çin 3 minə yaxın universitetin fəaliyyət göstərdiyi böyük ölkədir. Bu universitetlərdə minlərlə alim və mütəxəssis çalışır. Onlar arasında Azərbaycanı müxtəlif aspektlərdən tədqiq edən, ən azı buna maraq göstərən çox sayda alim və gənc tədqiqatçı var. Konfrans vasitəsilə biz onların böyük əksəriyyətini bir növ kəşf edib üzə çıxardıq, təmaslar yaratdıq, PXDU-nun və və Azərbaycan dili kafedrasının elmi dəstəyini təklif etdik, yeni əməkdaşlıqların əsasını qoyduq. İkincisi, çinli alimlərin Azərbaycanla bağlı tədqiqat obyektlərinin nədən ibarət olduğunu müəyyən etməyə çalışdıq. Çinli alimlərin təqdim etdikləri əsas mövzular, Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri, “Kəmər və yol” və “Bəşəriyyətin ortaq gələcəyi” təşəbbüsləri çərçivəsində Çin-Azərbaycan əməkdaşlığı, Azərbaycan dilinin tarixi, tədrisi və islahatlar, mədəniyyətlərarası tarixi əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində Çin-Azərbaycan əməkdaşlığı, Azərbaycanın multikulturalizm siyasəti və digər mövzular olub. Təəssüf ki, ehtiyac duyulan sahələr üzrə Çin dilində kifayət qədər araşdırma materialları yoxdur. Çinli mütəxəssislər tərəfindən bu mövzulara üstünlük verilməsi onların aktuallığından xəbər verir. Bu da öz növbəsində PXDU-nun Azərbaycan dili kafedrası olaraq bizim tədqiqatlarımıza yeni bir istiqamət və stimul verir. Üçüncüsü, çox sayda Azərbaycan və Çin aliminin bir tədbir çərçivəsində görüşməsi nadir hadisədir. Konfrans yeni təmasların yaranması, yeni əməkdaşlıqların formalaşması və elmi əlaqələrin dərinləşmsi üçün bir platforma rolunu oynadı. İnanırıq ki, konfrans elmi əlaqələr üçün daha geniş üfüqlər açacaq. Konfrans eyni zamanda Çində azərbaycanşünaslıq elminin müstəqil bir istiqamət kimi formalaşması yönündə böyük bir təməl rolunu oynadı.

Aqşin Əliyev onu da vurğulayıb ki, Çin Təhsil Nazirliyi tərəfindən 1-ci Çin azərbaycanşünaslıq konfransına beynəlxalq status verilib. Nəzərə alsaq ki, konfrans Azərbaycan-Çin strateji tərəfdaşlığının qurulması haqqında bəyannamənin imzalandığı ilə təsadüf edir, bu, onun əhəmiyyətini daha da artırır və Çin cəmiyyəti üçün cəlbedici edir.

Digər maraqlı məqam ondan ibarətdir ki, bu elmi konfransda sinxron və ardıcıl tərcüməni həyata keçirən iki gənc tərcüməçi 2022-ci ildə PXDU-nu Azərbaycan dili ixtisasını bitirmiş məzunlardır. Hazırda onlar Azərbaycan dili kafedrasının əməkdaşlarıdır.

Şahin Cəfərov

Xəbər lenti