Logo

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub

12.10.2024 22:06 221 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı Türkiyənin Bartın Universitetinin “İnformasiya və sənəd menecmenti” ixtisasının tələbələrinə 2024/2025-ci tədris ilinin başlaması münasibətilə açılış mühazirəsi oxuyub.

“Azərbaycanda kitabxanaçılıq təhsili” mövzusunda mühazirədə ölkəmizdə kitabxanaçılıq təhsilinin yaranması və inkişaf mərhələləri tarixi xronologiya baxımından şərh edilib. Kitabxanaçılıq təhsilinin kitabxanaçılıq kursları şəklində yarandığı, daha sonra texnikumlarda, xüsusilə Bakıda yerləşən Kitabxanaçılıq Texnikumunda, Şuşa Mədəni-Maarif Texnikumunda və digər orta-ixtisas məktəblərində formalaşdığı qeyd olunub. Vurğulanıb ki, kitabxanaların sayının, eyni zamanda oxucu kütləsinin artması ali təhsilli peşəkar kitabxanaçı kadrların hazırlanmasını zərurət kimi ortaya çıxarıb. Bu məqsədlə 1947/1948-ci tədris ilində BDU-nun Filologiya fakültəsində Kitabxanaçılıq şöbəsi yaradılıb. 1962-ci ilin avqust ayında isə Universitetdə müstəqil Kitabxanaçılıq fakültəsi təşkil olunub: “BDU-nun peşəkar kadr hazırlığı sistemində fakültə həmişə xüsusi yeri və mövqeyi ilə seçilib. Fakültənin ilk dekanı Abuzər Xələfov olub. Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfov fakültənin inkişafı üçün müstəsna xidmətlər göstərib, Azərbaycanda kitabxanaşünaslıq elmi məktəbinin təməlini qoyub”.

Mühazirədə qeyd olunub ki, müasir dövrün çağırışları nəzərə alınaraq BDU Elmi Şurasının 18 yanvar 2023-cü il tarixli qərarı ilə fakültə İnformasiya və sənəd menecmenti adlandırılıb. 2023/2024-cü tədris ilindən etibarən fakültədə “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası ilə yanaşı, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə də kadr hazırlığına başlanılıb.

Məruzədə fakültədə tədris olunan ixtisas və ixtisaslaşmaların tədris planları, fənlərin məqsədi, təlim nəticələri barədə ətraflı məlumat verilib. Ali kitabxanaçılıq təhsilinin səviyyəsinin daha da artırılmasının prioritet məqsəd kimi qarşıya qoyulduğunu bildirən fakültə dekanı bu sahədə beynəlxalq əməkdaşlığın, xüsusilə Türkiyə Respublikasında müvafiq ixtisas üzrə kadr hazırlayan universitetlərlə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Türkiyənin müvafiq ixtisas üzrə kadr hazırlayan 10-a yaxın universitetinin professor-müəllim heyətinin və tələbələrinin iştirakı ilə keçirilən dərs maraqla qarşılanıb, məruzəçiyə çoxsaylı suallar verilib. Mühazirənin mövzusu, eyni zamanda yeni əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti