Logo

ADPU-nun prorektoru Helsinki şəhərində işgüzar səfərdə olub

10.10.2024 17:42 227 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) strateji inkişaf məsələləri  üzrə prorektoru Könül Pirverdiyeva ötən ay Finlandiyanın Helsinki şəhərində keçirilən "Regional həmkarlarla tədris mükəmməlliyi üzrə öyrənmə seminarı - Təhsilverənlərin təkmilləşdirilməsi" adlı seminarda iştirak edib. Tədbir Finlandiyanın Təhsil və Mədəniyyət Nazirliyi, Estoniyanın Təhsil və Tədqiqat Nazirliyi və Avropa Təlim Fondu (ATF) tərəfindən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində birgə təşkil olunub.

Şərq Tərəfdaşlığı proqramına üzv olan ölkələrin təhsil sistemlərinin nümayəndələrinin iştirak etdiyi 5 günlük tədbirdə iştirakçılar müxtəlif təhsil pillələri üzrə müəllim hazırlığı sahəsində Finlandiya və Estoniya təcrübələri ilə yaxından tanış olmuş, ümumtəhsil, peşə və ali təhsil müəssisələrinə sahə səfərlərində iştirak edərək müəssisələrin akademik və inzibati heyəti ilə müzakirələr aparmışlar.

Seminar çərçivəsində  müəllimlərin işə qəbulu və karyera yolları, Finlandiya və Estoniya təcrübəsi əsasında müəllim peşəsinin cazibədarlığının artırılması strategiyaları, bu təcrübələrin Şərq Tərəfdaşlığı ölkələrinə tətbiqi yolları müzakirə olunub.

Eyni zamanda seminarda müasir rəqəmsal tədris vasitələrindən istifadə etməklə davamlı təlim və müəllimlərin peşəkar inkişafı sahəsində innovativ yanaşmalar təqdim edilib, tədris mükəmməlliyinin artırılması üçün müasir təhsil ehtiyaclarına uyğunlaşdırılmış kurikulum və pedaqoji yanaşmalar müzakirə edilib.

Həmçinin səfər çərçivəsində Estoniyanın Təhsil və Tədqiqat Nazirliyi, Tallin Universiteti, Finlandiyanın Milli Təhsil Agentliyi (EDUFI), Finlandiya Təhsil Qiymətləndirmə Mərkəzi (FINEEC), Təhsil İşçiləri Həmkarlar İttifaqı (OAJ), Viikki Müəllim Hazırlığı Məktəbi, Helsinki Elmlər və Məktublar Evi ziyarət olunub, müxtəlif istiqamətlər üzrə görüşlər keçirilib.

Xəbər lenti