Logo

Almatıda Türk Akademiyasının nəşr etdirdiyi elmi kitabların təqdimatı olub

09.10.2024 16:55 199 baxış
IMG

Qazaxıstanın Almatı şəhərindəki Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Türk Akademiyasının nəşr etdirdiyi elmi kitabların təqdimatı olub.

Elmi dairələrin böyük marağına səbəb olan kitabların təqdimatı mərasimində Türk Akademiyasının vitse-prezidenti Ashat Kesikbayev, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin prorektoru Erkin Duseynov, Türkiyə Respublikasının Almatıdakı baş konsulu Evren Muderrisoğlu, həmçinin türkdilli ölkələrdən alimlər iştirak ediblər.

Təqdim olunan nəşrlər arasında Krım-tatar şairi və türkşünas alim Bəkir Çobanzadənin Türk Akademiyasının təşəbbüsü ilə qazax dilinə ilk dəfə tərcümə edilmiş “Tiltutka” adlı seçilmiş əsərlərindən ibarət toplusu da olub. Kitaba yazıçının uzun illər apardığı araşdırmalar nəticəsində ərsəyə gətirdiyi əsərlər daxil edilib.

Tədbirdə, həmçinin Türk Akademiyasının 37-dən çox sahəni əhatə edən “Türk dillərinin terminoloji lüğətləri” kitabının nəşri layihəsi də təqdim olunub. Növbəti nəşr iqtisadiyyat, tibb və hərbi məsələlərə həsr olunan lüğətlərdən ibarətdir. Bütün türk ölkələrindən mütəxəssislərin iştirak etdiyi bu layihə üzərində iş elmi terminologiyanın standartlaşdırılması və türk ölkələri alimlərinin bir araya gəlməsi istiqamətində mühüm addımdır.

Bundan əlavə, tədbirdə Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti rektoru Canseyit Tuymebayevin monoqrafiyası təqdim olunub. Bu əsər türk-monqol dili paralellərinin tədqiqatçılarına yeni üfüqlər açır və türk dilçiliyinin gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Tədbirin açılışında çıxış edən Türk Akademiyasının vitse-prezidenti Ashat Kesikbayev iştirakçılara bu akademiyanın prezidenti Şahin Mustafayevin salamlarını və xoş arzularını çatdırıb. O, hər bir yeni nəşrin əhəmiyyətini vurğulayaraq, bunun sadəcə elmi əsər olmadığını, türk xalqlarının mədəni-tarixi irsinin qorunub saxlanması və artırılması üzrə ümumi işə sanballı töhfə olduğunu qeyd edib.

Türk Akademiyası 2024-cü ildə elmin inkişafına mühüm töhfə olacaq və türk ölkələri arasında akademik əlaqələrin möhkəmlənməsinə kömək edəcək 64 kitabın nəşrini planlaşdırır.

Xəbər lenti